Füzulidə şəhid olan İzzətin babası: “Çiynində pulemyotu ilə düşmənin üzərinə qorxmadan gedirdi” - FOTO
Vətən müharibəsində şəhidlik zirvəsinə ucalan İzzət Hümmətov döyüşlərdə göstərdiyi şücaətə görə üç medalla təltif olunub.
AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, şəhid Hümmətov İzzət Müşviq oğlu 1996-cı il sentyabrın 9-da Şabran rayonunun Uzunboyad kəndində anadan olub. Orta məktəbi bitirdikdən sonra əsgərliyə yollanan İzzət hərbi xidmətdə fərqləndiyinə görə fəxri fərmanla təltif olunub. Aprel döyüşlərinin iştirakçısı olan vətənpərvər gənc əsgərlikdən sonra müddətdən artıq hərbi qulluqçu kimi çalışıb.
İzzət öz istəyi ilə Müdafiə Nazirliyinə müraciət edərək xüsusi kurslardan keçib və həmlə taborunda motoatıcı vəzifəsində xidmətə başlayıb.
Vətən müharibəsi başlayanda həmlə qruplarında yer alan döyüşçü qorxmazlığı və mərdliyi ilə fərqlənib.
“İzzət uşaqlıqdan seçilirdi. Elə balaca vaxtı əyninə hərbi forma geyinməyə həvəsli idi. Arzusuna da çatdı, hərbçi oldu. Döyüş yoldaşları danışır ki, İzzət qorxu bilməyib. Çiynində pulemyotu ilə düşmənin üzərinə qorxmadan gedirdi. Biz onunla fəxr edirik”, - deyə şəhidin babası Fərhad Güləliyev söyləyib.
İzzət Hümmətov Füzuli və Cəbrayıl döyüşlərində iştirak edib. Sonuncu dəfə ailəsi ilə oktyabrın 7-də telefonla danışıb. Oktyabrın 12-si Füzuli şəhərinin düşmən tapdağından azad olunması uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olub.
Şəhidin anası Səbinə Hümmətova oğlunun mehriban, gülərüz, istiqanlı olduğundan bəhs edib:
“Müharibədə olanda əlaqə saxlayırdıq. “Ana sən sevin ki, mən hərbi formanı əynimə geyinmişəm” deyirdi. Bir müddət xəbər almadıq ondan. Oktyabrın 29-u gecə şəhid xəbəri gəldi. Allah bütün şəhidlərimizə rəhmət eləsin!”.
İzzət Hümmətov ölümündən sonra “Füzulinin azad olunmasına görə”, “Vətən uğrunda” və “Cəsur döyüşçü” medalları ilə təltif olunub.
Şabranın Uzunboyad kəndi torpaqlarımızın müdafiəsi zamanı yeddi şəhid verib. Onlardan üçü Vətən müharibəsi şəhididir.