Bakıya yeni avtobusların gətirilməsinə başlanıldı
“Azərbaycanın Türkiyədən aldığı avtobusların ölkəyə çatdırılmasına başlanılıb”.
Bunu Oxu.Az-a Bakı Nəqliyyat Agentliyinin mətbuat katibi Mais Ağayev bildirib.
Onun sözlərinə görə, 2020-ci ilin dekabrın 10-da Azərbaycan və Türkiyə prezidentlərinin iştirakı ilə təşkil olunan mərasimdə Bakı Nəqliyyat Agentliyi ilə Türkiyənin “BMC Otomativ Sənaye və Ticarət” şirkəti arasında 320 ədəd orta və iritutumlu avtobusun alınması ilə bağlı müqavilə imzalanıb:
“Həmin müqaviləyə uyğun olaraq Bakıya avtobusların gətirilməsinə başlanılıb. Həmin avtobusların 150 ədədi 12 metrlik, 170 ədədi isə 9 metrlik avtobuslardır. İlkin mərhələdə 12 metrlik avtobusların Bakıya gətirilməsinə başlanılıb. Artıq çatdırılma proseslərinə start verilib”.
“Avtobusların çatdırılması istehsalçı şirkətin bizə təqdim etdiyi qrafikə uyğun olaraq həyata keçirilir. Təzə gətirilən avtobuslar hələ xəttə buraxılmayıb”, - deyə o qeyd edib.