Prezident İlham Əliyev – qalib komandan
Azərbaycan torpaqlarında ermənilərin pozuculuq fəaliyyəti Cənubi Qafqazın təhlükəsizliyini təhdid edib. Onlar havadarlarının dəstəyi ilə törətdiyi təxribatçı əməlləri ilə Azərbaycandakı siyasi proseslərə təsir edə bilirdilər. 1988-ci illərdən 90-cı illərin əvvəlinədək Azərbaycanda hakimiyyət dəyişikiyində erməni faktoru rol oynayıb.
Ermənistanın və havadarlarının regionda, xüsusilə Azərbaycan ərazisində törətdikləri özbaşınalığın, vəhşiliyin qarşısının alınacağına Azərbaycan cəmiyyətində ümid heç vaxt ölməyib.
1918-ci ildə, 1990-cı illərdə müxtəlif obyektiv və subyektiv səbəblərdən dövlət başçıları Azərbaycan cəmiyyətinin düşməni məhv etmək üçün potensial qüvvəsini reallaşdıra bilmədilər. Bu məsuliyyəti 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev öz üzərinə götürdü. Dövlət başçısı bu çətin, milli və sosial sifarişi yürütdüyü uğurlu siyasət nəticəsində reallaşdırıb. Prezidentin ordu quruculuğu, onun müasir hərbi texnika, avadanlıq və silah-sursatla təchiz olunması, hərbçilərin döyüş qabiliyyəti, yeni gənc nəslin yetişdirilməsi, xalqın torpaqlarını azad etmək ruhunun qorunub saxlanılması, xarici siyasətdə tutduğu qətiyyətli mövqe Qələbənin təmin olunmasının əsas elementləri sayıla bilər. İlham Əliyev ərazi bütövlüyünün təmin olunmasında milli və dövlət maraqlarından çıxış etməklə beynəlxalq ictimaiyyətə Azərbaycanın tələblərini də çatdırdı.