Xalqını sevdiyi qədər sevilən insan
Humanizm, xeyirxahlıq və nəcib əməllər bəşər durduqca yaşayır, bu ali mənəvi keyfiyyətlərin sahibləri, şərəfli missiyanın daşıyıcıları isə öz varlıqları ilə xalqına daim başucalığı, şan-şöhrət gətirir, onun sevimlisinə çevrilirlər. Nəsildən-nəslə keçən xeyirxahlıqları, nəciblikləri hər an insanlara kömək etmək, onlara yardımçı olmaq kimi ülvi hissləri ilə doğulduqları torpağın, sahibi olduqları Vətənin şərəfini yüksəklərə ucaldırlar. Keçdiyi mənalı ömür yolu, yüksək humanizmi, xeyirxahlığı və nəcibliyi, bənzərsiz ictimai fəaliyyəti ilə nəinki Azərbaycanda, eləcə də bütün dünyada yüksək ehtiram sahibi olmuş ölkəmizin birinci xanımı Mehriban Əliyeva bəşər tarixinin şanlı salnaməsinə öz dəst-xətti ilə daxil olan belə görkəmli şəxsiyyətlərdəndir.
Azərbaycan qadınına xas olan ən gözəl xüsusiyyətləri özündə cəmləşdirən, humanizm və nəciblik missiyasını şərəflə yerinə yetirən Mehriban xanım Əliyevanın ölkəmizin ictimai-siyasi və mədəni həyatındakı rolu mühüm, xidmətləri danılmazdır. Onun fəaliyyət dairəsi çoxşaxəli olub həyatımızın bütün sahələrinə dərindən nüfuz edir. Mehriban xanım Əliyeva Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, Milli Məclisin deputatı, həmçinin Azərbaycan Mədəniyyətinin Dostları Fondunun sədri, Azərbaycan Gimnastika Federasiyasının prezidenti, "Azərbaycan - İrs" jurnalının baş redaktorudur.
Fəaliyyət göstərdiyi hər bir sahədə böyük uğurların qazanılmasına, qlobal layihələrin gerçəkləşməsinə, Azərbaycanın mədəni irsinin bütün dünyada tanınmasına və təbliğinə nail olub. Bu qədər gərgin işlə məşğul olmasına baxmayaraq, fəaliyyətinin əsas hissəsini xalqımızın gələcəyi olan uşaqlara yönəldib. Yardıma və qayğıya ehtiyacı olan hər bir kəsə, xüsusən də əlil və xəstə uşaqlara xüsusi diqqət yetirir, onların problemlərinin həllinə kömək edir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva haqqında indiyədək çox kitablar yazılıb. Onun Heydər Əliyev Fondunun prezidenti, xoşməramlı səfır, təhsil sisteminin himayədarı və digər sahələrdəki fəaliyyəti geniş işıqlandırılıb. Bu baxımdan Azərbaycan Yazıçılar Birliyinin üzvü Sabir Hüseynovun tərtib etdiyi "Humanizm və xeyirxahlıq missiyası" kitabı xüsusi qeyd olunmalıdır. İdeya və ön sözün müəllifi hüquqşünas-alim Əli Eyvazov, elmi redaktoru Bakı Dövlət Universitetinin beynəlxalq hüquq fakültəsinin müəllimi Samirə Eyvazova olan bu kitab "Nurlan" nəşriyyatı tərəfindən nəfis şəkildə çap edilmişdir.
Kitabda qısa zaman kəsiyində millət və dövlət maraqları baxımından strateji əhəmiyyət daşıyan bir sıra mühüm layihələri uğurla gerçəkləşdirərək cəmiyyətdə mərhəmət və xeyirxahlığın ali ünvanına çevrilmiş Heydər Əliyev Fondunun qarşıya qoyduğu xoş məramdan söhbət açılır. Müdrik siyasətçi, xalqımızın ümummilli lideri Heydər Əliyevin həyata keçirdiyi müstəqil dövlətçilik strategiyasını bu gün onun siyasi xəttinin layiqli davamçısı, Prezident İlham Əliyev uğurla davam etdirir. 2004-cü il may ayının 10-da cənab İlham Əliyevin iştirakı ilə açılmış Heydər Əliyev Fondu da bu ali məqsədə xidmət göstərir. Fondun yaradılmasının ümdə məqsədlərindən biri məhz Heydər Əliyevin zəngin irsinin, onun xalq, Vətən qarşısında misilsiz xidmətlərinin dərindən, hərtərəfli öyrənilməsinə və təbliğinə, Azərbaycanın tərəqqisi və xalqımızın rifahı naminə ondan istifadə olunmasına yönəldilmiş genişmiqyaslı proqramların və tədbirlərin həyata keçirilməsidir.
Azərbaycanın birinci xanımı Mehriban Əliyevanın təşəbbüsü və rəhbərliyi ilə həyata keçirilən "Diabetli uşaqlara ən yüksək qayğı" və "Talassemiyasız həyat naminə" layihələri neçə-neçə xəstə uşağa şəfa ilə bərabər ümid, inam da bəxş edib. Belə layihələrin sayı yetərincədir. Məsələn, Heydər Əliyev Fondu kor və ya görmə qabiliyyəti zəif olan insanlara, xüsusən də uşaqlara əlavə imkanlar yaratmaq mexanizmi kimi informasiya-kommunikasiya texnologiyalarından istifadəni zəruri sayır və bununla bağlı layihə həyata keçirir. Üç mərhələdən ibarət olan layihə BMT-nin İnkişaf Proqramı ilə birgə reallaşdırır.
"Humanizm və xeyirxahlıq missiyası" kitabında bütün bu məsələlər geniş və ətraflı əksini tapıb. Əminik ki, bu sanballı kitabı oxuyan oxucu Mehriban xanım Əliyevanın çoxşaxəli fəaliyyətini, onun liderlik keyfiyyətlərini, çalışdığı bütün sahələrdə yorulmaq bilmədən apardığı işin müxtəlif aspektlərini yaxşı dərk etmək imkanı əldə edəcəkdir.
Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti, YUNESKO və İSESKO-nun xoşməramlı səfiri, millət vəkili Mehriban Əliyevanın həyata keçirdiyi möhtəşəm işləri, reallaşdırdığı qlobal layihələri ortaq bir xətt birləşdirir - humanizm, insanpərvərlik, mərhəmət. Bu ali mənəvi keyfiyyətlər Mehriban xanım Əliyevanın siyasi portretinin ən ümdə və ülvi cizgiləridir.
Yazımı Mehriban xanım Əliyevanın fəaliyyətini təcəssüm etdirən bu fikirlə bitirmək istərdim: Xalqını sevdiyi qədər xalqı tərəfindən sevilən insan, görkəmli şəxsiyyət.
ADPU-nun "Riyaziyyat və onun ibtidai kursunun tədrisi texnologiyası" kafedrasının dosenti,
R.Ü.E.F.D Balaşov Qulaməli Qurbanəli oğlu