KOBİA-nın sədri: “Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil”
“Qədim Azərbaycan torpağında keçəcək Zəngəzur dəhlizi yalnız Qafqaz üçün deyil, daha geniş anlamda region üçün strateji əhəmiyyətə malik olacaq”.
“Report” xəbər verir ki, bunu İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib.
O, bu barədə Bakıda rəhbərlik etdiyi qurumun, eləcə də Milli Məclisin və Türkdilli Ölkələrin Parlament Assambleyasının (TÜRKPA) birgə təşkilatçılığı ilə “Post-pandemiya dövründə iqtisadi artımın sabitləşdirilməsində kiçik və orta sahibkarlığın innovativ fəaliyyəti” mövzusunda keçirilən konfransda danışıb.
“Söhbət 1,1 trilyon ABŞ dollarından çox nominal ümumi daxili məhsulu olan türkdilli ölkələri strateji və iqtisadi baxımdan birləşdirəcək bir dəhlizdən gedir. Bu baxımdan, 44 günlük Vətən Müharibəsi nəticəsində müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə şanlı ordumuzun 30-ilə yaxın Ermənistanın işğalında olan Qarabağ bölgəsini azad etməsi və bununla da, regionda formalaşan yeni geo-siyasi mənzərə yeni imkanlar açır”, - deyə O.Məmmədov qeyd edib.