Cənab Ali Baş Komandan tarixi ədaləti uğurla və qətiyyətlə bərpa edir!
Cənab Ali Baş Komandan İlham Əliyevin qətiyyət, iradə, əzm, milli ruh və yüksək idarəçilik dəyərləri və rəhbərliyi, xalqımızın vətənpərvərlik duyğularının birgə həmrəyliyi ilə Azərbaycan ordusu tarixinin ən şanlı və şərəfli qələbəsini qazanmaqdadır! Nəsillərdən bizə miras qalan ən ülvi hislərimizlə qələbə dəyərlərini gələcək nəsillərə daşıyırıq.
Sentyabrın 27-də Ermənistan silahlı qüvvələri bir neçə istiqamətdən müxtəlif növ silahlardan, o cümlədən ağır artilleriyadan istifadə edərək dinc sakinlərimizin qətlinə yönəlmiş məqsədlə bizim yaşayış məntəqələrimizi, eyni zamanda hərbi mövqelərimizi atəşə tutması, düşmən ordusunun açıq-aşkar yeni ərazi iddialarının və havadarlarına böyük etiqad və inamla regionda münaqişənin daha da gərginləşdirilməsi niyyətlərinin riyakar nümunəsidir. Azərbaycanın region və dünyada xüsusi əhəmiyyət və sürətlə artan nüfuzu, beynəlxalq təşkilatlarda həmsədrlik, söz haqqının olması, həyata keçirilən strateji layihələrlə ölkəmizin dünya iqtisadiyyatına verdiyi töhfələr düşməndə qıcıq və qısqanclıq yaratması, özünün müqayisə olunmaz dərəcədə bütün sahələrdə geriləməsinin nəticəsidir və təzahürüdür.
Milli Ordumuz sahib olduğu qətiyyət sayəsində Ermənistan silahlı qüvvələrinin döyüş aktivliyinin qarşısını almaq, mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhə boyu əks-hücum əməliyyatı başlaması ordumuzun çeviklik və peşəkarlıq səviyyəsinin çox yüksək olmasını nəinki düşmənə bütün dünyaya nümayiş etdirdi. Qısa zamanda əldə olunan nailiyyətlər peşəkar idarəçilik, döyüş hazırlığının və hərbi vətənpərvərlik ruhunun daima yüksək olması şəxsi heyətin uğurla irəliləyərək Ermənistan silahlı qüvvələrinin ön xətdə və müdafiənin dərinliyində yerləşən xeyli sayda canlı qüvvəsi, hərbi obyektləri və döyüş texnikalarının aşkar edilərək məhv edilməsi və onların hərəkət trayektoriyasına nəzarət aparılmasına imkan verir. Azərbaycanın dünya miqyasında 50 ən güclü orduya sahib dövlətlərin siyahısında olması bizi çox qürurlandırır və yalnız qələbə ümidlərini yaşadır!
Müzəffər Azərbaycan ordusunun hər bir uğurlu əməliyyatı, xalqımızın qələbə ruhlu və qətiyyətli millət kimi dünya tarixinin heç zaman unudulmayacaq səhifələrinə həkk olunmasına səbəb oldu. Şanlı ordumuz Cənab Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı şəhərlərini, bir çox kəndləri, qəsəbələri və eyni zamanda strateji yüksəklikləri işğaldan azad etməsini çox qürurverici həyəcan və sevinclə qarşıladıq. Azərbaycan xalqının həmrəylik nümayiş etdirərək, Cənab Ali Baş Komandanın ətrafında sıx birləşməsi və yalnız qələbə ümidi ilə Azərbaycan ordusuna dəstək olması həqiqətən çox həssas və qürurvericidir. Yaşlı bir azərbaycanlı nənənin nəvəsinə “Bala bircə dənə də olsa erməni tankı vurmasan geri gəlmə” deməsi, şəhid ana-atalarımızın “Vətən sağ olsun” deməsi, erməni terroru nəticəsində gecə vaxtı evləri dağıdılan mülki şəxslərin şanlı Ordumuzu “İrəli-Qələbəyə doğru” səsləmələri, körpə balalarımızın gözündəki qisas və qələbə əzmi milli kimliyimizi özümüzə xatırlatdı, güclü millət olduğumuzu, dəyərlərimizə sahiblənməyi bacaran, torpaqları və ərazi bütövlüyü uğrunda qorxmadan həlak olmağı və öldürməyi bacaran məğrur və qalib millət olduğumuzu növbəti dəfə özümüzə və bütün dünyaya sübut etdi. Hər bir evdə, hər ocaqda hər qarış torpağımızda qalib Azərbaycan bayrağımız var! Bu əzmin, ruh yüksəkliyinin, iradə və qətiyyətin qarşısında heç bir düşmən dayana bilməyəcəkdir!
Kərim Məhəmməd oğlu Tahirov
Azərbaycan Milli Kitabxanasının direktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi, professor