Parlamentdə Ukraynada həbsdə olan Vətən Müharibəsi iştirakçısı barədə məsələ qaldırılıb
Milli Məclisin bu gün keçirilən iclasında hazırda Ukraynada həbsdə olan Vətən Müharibəsi iştirakçısı Misir Qasımlıya dair məsələ qaldırılıb.
APA xəbər verir ki, deputat Məlahət İbrahimqızı Azərbaycan – Ukrayna Parlamentlərarası dostluq qrupunun bu məsələyə diqqət yetirməsini istəyib.
Deputat qeyd edib ki, Misir Qasımlı Azərbaycan Prezidenti tərəfindən bir neçə dəfə medalla təltif olunub: "Misir Qasımlı Ukraynada erməni əsilli ispan tərəfindən şərlənib və bu iş üzrə heç bir sübut təqdim olunmayıb. Çox təəssüflər olsun ki, Ukraynadakı səfir bu hadisələrə bir az laqeyd yanaşır. Bir neçə dəfə Azərbaycan diasporundan mediaya məlumat verilib ki, bu məsələ diqqətdədir. Amma bir il yarımdan çoxdur ki, heç bir sübut ortaya qoyulmur, hər dəfə məhkəmə təxirə salınır. Onun vəkili də dəfələrlə bu iş üzrə heç bir sübut olmadığını bildirir. Mən bir daha müraciət edirəm ki, Azərbaycan-Ukrayna parlamentlərarası əlaqələr üzrə işçi qrupu Ukrayna Ali Radasına müraciət etsin və bu məsələnin tezliklə bitməsini tələb etsin”.