Prezident: “Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz torpaqlarına qayıdacaqlar”
“Biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar”.
AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Zəngilanda Ağalı kənd orta məktəbinin şagird-müəllim kollektivi ilə görüşündə deyib.
“Bax, sizi biz qaytarmışıq, havası da təmizdir, təbiəti də gözəldir, hər tərəf dağlar, meşələr. Burada həyat qaynayacaq. Bir azdan sonra başqa kəndlərdə də evlər tikiləcək, Zəngilan şəhərində də evlər tikiləcək. Ağalı birinci layihədir, siz də azad edilmiş torpaqlara ilk gələn uşaqlarsınız. Şadam ki, böyük həvəslə gəlmisiniz və sizin valideynləriniz də böyük həvəslə gəliblər. Çünki valideynlərin də çoxu yəqin ki, Ağalını heç görməyiblər. Onlar da işğal dövründə dünyaya gəliblər. Amma torpaq çəkir insanı. Sizin burada olmağınız onu göstərir ki, biz azad edilmiş torpaqları tezliklə abadlaşdıracağıq və bu gün hələ də Sumqayıtda, Bakıda, digər rayonlarda yaşayan keçmiş köçkünlər öz dədə-baba torpaqlarına qayıdacaqlar, burada quracaqlar, yaşayacaqlar, uşaqlar böyüdəcəklər”, - dövlət başçısı qeyd edib.