Erməni vəhşiliyinin əyani sübutu: Bərdənin bombalanması nəticəsində 16 yaşlı gəncin ölməsindən iki il keçir
Sərhəd tanımayan erməni vəhşiliyi müharibənin son günlərində də özünü büruzə verdi.
Oxu.Az xəbər verir ki, 2020-ci il 7 noyabr saat 16 radələrində Ermənistan silahlı qüvvələri növbəti dəfə Bərdə rayonunu raket atəşinə tutub.
Hadisə nəticəsində rayonun Yeni Əyricə kəndində yerləşən fərdi yaşayış evinə mərmi düşüb, həmin vaxt evin həyətində olan 2004-cü il təvəllüdlü Rəhimov Şahmalı Ətraf oğlu həlak olub.
Həlak olan 16 yaşlı Ş.Rəhimov ailədə üç qardaşdan biri olub. Ş.Rəhimovun ailəsi Laçın rayonundan olan məcburi köçkündür və Bərdə rayonu ərazisində fermadakı tikilidə məskunlaşıbmış.
Qeyd edək ki, Bərdə şəhərinin 05, 08, 27, 28 oktyabr və 7 noyabr 2020-ci il tarixlərində erməni silahlı birləşmələri tərəfindən raket və ağır artilleriya silahları ilə bombalanması nəticəsində 8-i qadın, 19-u kişi, ikisi uşaq olmaqla 29 nəfər şəxs qəsdən öldürülüb, 26-sı qadın, 71-i kişi, 15-i uşaq olmaqla 112 nəfər yaralanıb, şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə, nəqliyyat vasitələrinə, yaşayış evlərinə və digər tikililərə külli miqdarda ziyan dəyib.