bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Heydər Əliyev əməlləri ilə xalqının qəlbində özünə əbədi heykəl ucaldıb

12-12-2022, 19:58 36 dəfə baxılıb

Heydər Əliyev əməlləri ilə xalqının qəlbində özünə əbədi heykəl ucaldıb


Tarixin ayrı-ayrı dövrlərində elə şəxsiyyətlər olub ki, vətəni, milləti üçün gördüyü işlərə görə adı və əməlləri dünya durduqca yaşayacaq, gələcək nəsillərə örnək olmaqla, onların yolunda əbədi məşələ çevriləcəkdir. Müasir bəşər tarixinə adı qızıl hərflərlə həkk olunmuş xalqımızın böyük oğlu, ümummilli liderimiz Heydər Əlirza oğlu Əliyev də məhz belə şəxsiyyətlərdəndir. Ulu öndərimizin hələ sağlığında əfsanəvi, xarizmatik liderə çevrilməsində onun həyatı üçün heç bir riskdən çəkinməməsi, milli ideallar uğrunda mübarizədə yüksək qətiyyət göstərməsi kimi xarakterik xüsusiyyətləri mühüm rol oynamışdır. Məhz bunun sayəsində ulu öndər daima hadisələrin fövqündə olmuş, idarəçilik qabiliyyətini reallasdırmış, fenomen lider imicini qorumuşdur. Ümummilli lider bütün sahələrdə dərin bir irs qoymuşdur.

Hər bir azərbaycanlı üçün doğma və əziz olan Heydər Əliyev dünyaşöhrətli siyasətçi, zəmanəsinin ən böyük şəxsiyyəti idi. Heydər Əliyev ümumxalq məhəbbətini, istəyini təkcə öz vətənində deyil, bütün dünyada qazanmışdı. Buna görə də, dünya siyasətçiləri, dövlət və hökumət rəhbərləri, siyasi xadimlər onu həmişə yüksək dəyərləndirir, onunla razılaşırdılar. Qazandığımız müstəqilliyə, əldə olunan sabitliyə, həyatımızdakı inkişafa və tərəqqiyə görə biz bu böyük şəxsiyyətə daim borclu olacağıq. Heydər Əliyev bütün mənalı ömrünü xalqına xidmətə sərf etmişdi.

Xüsusilə qeyd etmək lazımdır ki, təbiətin Azərbaycana verdiyi imkanlardan və potensialdan yalnız 70-ci illərin əvvəllərindən, yəni Heydər Əliyevin respublikaya rəhbərlik etməyə başladığı illərdən etibarən daha geniş, düzgün və səmərəli istifadə edilməyə başlanmışdır. O dövrdə aqrar sahəyə vəsait qoyuluşunun artırılması mühüm vəzifə kimi qarşıda dururdu. Məhz bu dövrdə yeni torpaq sahələrinin istifadəyə verilməsi, torpaq fondunun sağlamlaşdırılması, su təchizatının yaxşılaşdırılması sahəsində konkret tədbirlər görüldü və beləliklə də kənd təsərrüfatının intensiv inkişafı təmin edildi. Muğan-Salyan zonası rayonlarında meliorasiya qurğuları tikilməsinin miqyası genişləndirildi. Respublikanın qərb zonasında 60 min hektar sahəni əkin suyu ilə təmin edən Ağstafaçay dəryaçasının inşası başa çatdırıldı. Arazboyu zonada suvarma işlərinin inkişafına səmərəli təsir göstərəcək dəryaça-sugötürmə qurğusunun tikintisinə başlanıldı.

Bundan başqa, bir çox rayonların əkin sahələrinin suvarılmasını xeyli yaxşılaşdırmağa imkan verən Tərtərçay enerji və su təsərrüfatı kompleksi də məhz 1976-cı il dekabrın son günlərinlə istifadəyə verildi. Suvarılan əkinçilik respublikası olan Azərbaycanda dəryaçaların ümumi su tutumu təqribən 20 milyard kubmetrə, suvarma şəbəkələrinin uzunluğu 50 min kilometrə, kollektor-drenaj şəbəkəsinin uzunluğu 18 min kilometrə, nasos stansiyalarının sayı 700-ə çatdırılmışdı. Torpaqların irriqasiya və meliorasiyasının ənənəvi suvarma regionu olan Kür-Araz ovalığından başqa, dağətəyi və dağlıq zonalarda aparılması üçün xeyli iş görüldü. Bu dövrdə bir sıra başqa rayonlarda böyük həcmdə meliorasiya işləri aparıldı. Bir çox bölgələrdə iri hidrotexniki qurğular tikilmiş, 83 min hektar yeni suvarılan torpaq istifadəyə verilmiş, 452 min hektar otlağa su çıxarılmış, 700 min hektar sahədə suvarma şəbəkəsi yenidən qurulmuşdu. Əgər yaxın keçmişdə kənddə əsaslı tikinti miqyasına və əhəmiyyətinə görə kiçik obyektlərin tikilməsi ilə məhdudlaşdırılırdısa və primitiv səviyyədə, lazımi miqyas olmadan aparılırdısa, indi o, xalq təsərrüfatının iri müstəqil sahəsinə çevrilmişdi.

Ulu öndərin ikinci dəfə ölkə rəhbərliyinə gəlməsi ilə Azərbaycan iqtisadiyyatında yeni inkişaf mərhələsi başlandı. Ölkə Prezidenti aqrar sahədə də vəziyyəti araşdıraraq, kənd təsərrüfatının inkişafına diqqətin artırılması üçün bütün qüvvələri səfərbər etdi. O, göstərdi ki, “müstəqil inkişaf yoluna qədəm qoymuş respublikada artıq köhnə sosialist sistemindən imtina edilməli, yeni mütərəqqi sistem yaradılmalı, iqtisadi siyasət gücləndirilməlidir, yəni bazar iqtisadiyyatına keçilməli, iqtisadiyyatın bütün sahələrində, o cümlədən kənd təsərrüfatında islahatlar aparılmalıdır, təsərrüfat sahəsində iqtisadi islahatlar yeganə yolumuzdur”. Bununla da ulu öndər 1991-ci ildən iqtisadiyyatda, o cümlədən də aqrar sahədə islahatlar haqqında gedən uzun- uzadı mübahisələrə və müzakirələrə son qoydu, sözdən işə keçməyin yolunu müəyyən etdi və eyni zamanda, islahatların keçirilməsi yolları, üsulları və müddəti barədə proqram hazırlanmasının labüdlüyünü əsaslandırdı. Beləliklə də Heydər Əliyev respublikada aqrar islahatın hüquqi bazasının yaradılması, onun təşkili və həyata keçirilməsi kimi çox mühüm iqtisadi tədbirin həm banisi, həm də təşkilatçısı oldu.

Ölkəmizin məhz aqrar-iqtisadi siyasətinin müəllifi olan Heydər Əliyevin sosial ədalətə söykənən prinsipləri əsasında formalaşdırılan və 1993-2003-cü illərdə onun 52-dən artıq fərman və sərəncamları ilə qanuniləşdirilən, düzgün icra mexanizmləri ilə həyata keçirilən aqrar siyasətin nəticəsi Azərbaycanda aqrar sahənin gündən-günə inkişafına səbəb oldu.

Ulu öndərin Azərbaycanla, xalqla bağlı arzuları bitib tükənməz, Vətənə, xalqa olan məhəbbəti hədsiz, hüdudsuz idi. Onun ürəyi Azərbaycan qədər geniş idi. Heydər Əliyev dünyanın hansı ölkəsinə gedirdisə, Azərbaycanı, onun problemlərini də ürəyində aparırdı. Heydər Əliyev Vətən üçün, xalq üçün doğuldu. Vətənin, xalqın tərəqqisi, inkişafı, azadlığı, müstəqilliyi üçün çalısdı. Müqəddəs amalı və fəaliyyəti ilə xalqın gözündə, qəlbində dağ kimi ucaldı. Ona görə də, xalqın öz sədaqətli, dahi övladına məhəbbəti sonsuz və əbədidir. Ümummilli lider əsl ümumxalq məhəbbəti, sevgisi qazanmış tək-tək siyasətçilərdən, dövlət xadimlərindəndir. O, respublikaya rəhbərlik etdiyi uzun illər ərzində gördüyü nəhəng isləri ilə xalqın qəlbində özünə əbədi abidə ucaldıb. Buna görə də, nə qədər müstəqil Azərbaycan dövləti var, Azərbaycan xalqı var, Heydər Əliyev də ürəklərdə yaşayacaqdır. Bu isə əbədiyyət deməkdir. Bu gün hər bir azərbaycanlının qəlbində Heydər Əliyev sevgisi dünənkindən daha güclüdür, daha parlaqdır. Nə qədər ki, odlar yurdu Azərbaycan var olacaq, ürəklərdə Heydər Əliyev məhəbbəti daha da alovlanacaqdır!

Bütün mənalı həyatını öz xalqına bəxş etmiş Heydər Əliyevin siyasi və dövlət xadimi kimi zəngin fəaliyyəti Azərbaycan xalqının tarixində dərin iz buraxaraq əsl dövlət idarəçiliyi məktəbinə çevrilmişdir. Azərbaycan xalqının hələ neçə-neçə nəsli bu böyük məktəbdən, Heydər Əliyevin zəngin siyasi irsindən ölkəmizin inkişafı, xalqımızın rifahı naminə faydalanacaqdır. Ümummilli liderimiz bu gün cismən aramızda olmasa da, Heydər Əliyevin sönməz ideyalarının davamçısı, Azərbaycan Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə gələcəyə inamla addımlayırıq. Bu isə o deməkdir ki, dövlətimiz etibarlı əllərdədir. Təməli hələ 1993-cü ildə ümummilli lider Heydər Əliyev tərəfindən qoyulmuş xarici və daxili siyasətin dəyişməz olduğu və yalnız milli maraqlar çərçivəsində aparıldığı göz qabağındadır. İndi bu siyasət müasir dünyanın tələblərinə uyğun olaraq yeni məzmun və keyfiyyətdə uğurla davam etdirilir. Ulu öndərin layiqli siyasi varisi, Prezident İlham Əliyevin yürütdüyü siyasət bütün parametrlərinə görə dərin elmi əsaslara, mütərəqqi üsullara söykənir.

Heydər Əliyevin ən böyük arzusu doğma Qarabağı düşmən əsarətindən azad etmək idi. O, bu məqsədlə dünyanın əksər ölkələrinə səfər edərək bütün dövlət başçılarına, BMT-yə, ATƏT-ə, digər beynəlxalq təşkilatlara Ermənistan-Azərbaycan münaqişəsi barədə ətraflı məlumat verir, Ermənistanın əzəli torpaqlarımızı işğal etdiyini arqumentlərlə sübut edirdi. Heydər Əliyevin arzuları nəhayət ki, həyata keçdi.

Azərbaycan böyük qələbənin ilk addım səslərini 2020-ci il noyabrın 8-də Qarabağın ürəyi sayılan, incisi hesab olunan Şuşa şəhərinin işğaldan azad edildiyi ilk saatlarda eşitdi. Noyabrın 8-də Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev Şəhidlər xiyabanında Azərbaycan xalqına müraciətində demişdir: “Əziz bacılar və qardaşlar, bu gün bu müjdəni mən burada – Şəhidlər xiyabanında doğma xalqıma verirəm. Bu, təsadüfi deyil. Bu, təbiidir. Bu gün şəhidlərimizin ruhu qarşısında bir daha baş əyirəm. Bu gün bəyan edirəm ki, şəhidlərimizin qanı yerdə qalmır… Mən bu gün, eyni zamanda, ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdim, onun ruhu qarşısında baş əydim. Ürəyimdə dedim, xoşbəxt adamam ki, ata vəsiyyətini yerinə yetirdim. Şuşanı azad etdik! Bu, böyük Qələbədir! Şəhidlərimizin, ulu öndərin ruhu şaddır bu gün! Gözün aydın olsun Azərbaycan! Gözünüz aydın olsun dünya azərbaycanlıları!”.

Bəli, bu qədim yurd yerimizin azadlığı ilə tam qələbəmizə yol açıldı. Düşmənin ağ bayraq qaldırmaq və kapitulyasiya etməkdən başqa yolu qalmadı. Buna Ali Baş Komandan, məğlubedilməz Sərkərdə İlham Əliyev nail oldu.

Bu gün Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin əzəmətli əməlləri tarix bizdən uzaqlaşdıqca daha böyük əhəmiyyət kəsb edir. Möhtərəm Prezidentimiz cənab İlham Əliyevin fikrincə desək: “Heydər Əliyevin siyasəti yaşamalıdır. Bu, zəmanənin tələbidir. Bu, yeganə siyasətdir ki, Azərbaycanı daha da gücləndirəcək, Azərbaycan xalqının həyat səviyyəsinin yaxşılaşmasına xidmət edəcəkdir”.

Saleh Sadıqov,

Azərbaycan Meliorasiya və Su Təsərrüfatı ASC-nin Hidrogeoloj- Meliorativ Xidmət və Suların İstifadəsinə -Mühafizəsinə Nəzarət İdarəsinin rəisi, respublikanın Əməkdar Mühəndisi, YAP Səbail rayon təşkilatı meliorator ərazi təşkilatının sədri






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930