Ermənistana casusluqda təqsirləndirilən şəxsin işi Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərildi
Dövlətə xəyanət etməkdə təqsirləndirilən Aydın Zəkiyevin cinayət işi üzrə ibtidai istintaqı başa çatıb.
Pravda.az-ın əldə etdiyi məlumata görə, toplanan iş baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
Cinayət işi hakim Mahmud Ağalarovun icraatına verilib.
Məhkəmənin ilkin hazırlıq iclasının vaxtı hələlik açıqlanmayıb.
Qeyd edək ki, 2021-ci ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən həyata keçirilən əməliyyat-istintaq tədbirləri nəticəsində Azərbaycan vətəndaşı, 1970-ci il təvəllüdlü Zəkiyev Aydın Zəki oğlunun Azərbaycanın suverenliyi, ərazi toxunulmazlığı, dövlət təhlükəsizliyi və müdafiə qabiliyyətinin zərərinə casusluq edərək Ermənistan xüsusi xidmət orqanı nümayəndələrinə Azərbaycana qarşı düşmənçilik fəaliyyəti aparmaqda kömək göstərməklə dövlətə xəyanət etməsinə əsaslı şübhələr müəyyən edilib.
Həmçinin onun digər şəxslərin həmin xüsusi xidmət orqanı ilə məxfi əməkdaşlığa cəlb olunmasında vasitəçilik etməsi barədə tapşırıq aldığı təsbit olunaraq saxlanılmaqla cinayətkar əməllərinin qarşısı alınıb.
İstintaq zamanı məlum olub ki, Aydın Zəkiyev Ermənistan xüsusi xidmət orqanı nümayəndələri ilə məxfi əməkdaşlığa razılıq verdikdən sonra qarşılıqlı sövdələşməyə uyğun olaraq üçüncü dövlətin ərazisində olan şəxslər vasitəsilə ötürülən tapşırıqları yerinə yetirməklə Azərbaycan Respublikası Silahlı Qüvvələrində şəxsi heyətin komplektləşdirilməsinin xüsusi halları ilə bağlı əldə etdiyi məlumatları düşmən tərəfə ötürüb, ölkədə etnik zəmində qarşıdurma yaratmağa hesablanmış və əvvəlcədən məqsədyönlü şəkildə hazırlanaraq xüsusi mətnlər şəklində göndərilən, həqiqəti əks etdirməyən məlumatların yayılmasını təşkil etməkdə Ermənistan xüsusi xidmət orqanına kömək edib.
Aydın Zəkiyev Azərbaycan Cinayət Məcəlləsinin 274-cü (dövlətə xəyanət) maddəsi və digər cinayət faktlarına görə məsuliyyətə cəlb edilərək məhkəmənin qərarı ilə həbs edilib.