Vaxtanq Maisaya: “Azərbaycan ekoloqlarının aktivliyi öz bəhrəsini verir”
Azərbaycanlı ekofəallar artıq dördüncü gündür ki, Şuşa-Xankəndi yolunda etirazlarını davam etdirirlər. Onlar yerli mütəxəssislərin Azərbaycan yataqlarının qanunsuz istismarı ilə bağlı monitorinq aparmaq üçün əraziyə buraxılmamasına etiraz edirlər.
Oxu.Az sözügedən hadisələri şərh etmək üçün Gürcüstanın milli təhlükəsizlik məsələləri üzrə mütəxəssisi, siyasi elmlər doktoru, professor Vaxtanq Maisayaya müraciət edib.
Ekspert Azərbaycana məxsus olan mədənlərin separatçılar tərəfindən istismar edilməsindən hiddətləndiyini bildirib.
- Erməni separatçı David Babayan artıq açıq etiraf edib ki, onlar Qarabağda mədənləri istismar edirlər...
- Sizə daha çoxunu deyim, bu “boz zona”da emal müəssisələri də var, qızıl filizindən fabrik məmulatları alınır. Yeri gəlmişkən sırf emal, həmçinin son məhsulun istehsalı üçün qızıl və filiz Qarabağa kənardan da gətirilirdi.
- Son hadisələr fonunda Ermənistan müxalifəti fəallaşıb. Düzdür, onlar kifayət qədər ləngdirlər. Səslənən fikirlərdən belə nəticə çıxır ki, onlar baş nazir Nikol Paşinyanın istefasını və bəzi beynəlxalq sülhməramlı qüvvələrin Ermənistana daxil olmasını istəyirlər. Müxalifət fəalları Ermənistan deyəndə Qarabağı da ora daxil edirlər.
- Qarabağın da daxil olduğu Ermənistan ərazisi - bu təəccüblü bir şeydir. Amma mənə elə gəlir ki, Ermənistan Respublikasında hərbi çevriliş ola bilər. Orada “Qarabağ klanı”nı hakimiyyətə qaytarmaq istəyən siyasi qüvvələr var. Müxalifət özünün bəzi təşəbbüslərinin beynəlxalq səviyyədə təbliğatını qurmağa cəhd edə bilər ki, bu da Ermənistan-Azərbaycan nizamlanmasına münasibətdə özünü çox qəribə aparan Fransanın mövqeyində özünü büruzə verir. Ruben Vardanyanın timsalında Rusiyada yaşayan və bir müddət əvvəl Ermənistana, oradan isə Rusiya sülhməramlılarının məsuliyyəti zonasına keçən erməni milyarderləri faktorunu da unutmayın. Mənə elə gəlir ki, Moskva onlardan öz “yumşaq gücü” kimi erməni cəmiyyətinə təsir etmək məqsədi ilə istifadə edir.
- Söhbətin əvvəlinə, azərbaycanlı fəalların aksiyasına qayıdaq...
-Mən xüsusilə qeyd etmək istərdim ki, bu, çox effektivdir və öz bəhrəsini verir. Azərbaycan ekoloqlarının aktivliyi beynəlxalq ictimaiyyətə Qarabağın “boz zonası”nda baş verənləri anlamağa imkan verir.
- Sizcə, Rusiya sülhməramlıları Qarabağdakı müvəqqəti məsuliyyət zonasını tərk edəcəklərmi?
- Onların həmin ərazidə yerləşmə müddəti tamamlanmayana qədər (2025-ci il) getməyəcəklər. Onlar sonrakı müddətdə də qalmağa çalışacaqlar, çünki Rusiya Federasiyasının öz geosiyasi maraqları var. Amma hər şey dünyada gedən proseslərdən asılıdır.