Zelenski: “Gürcüstan hakimiyyəti Saakaşvilini açıq şəkildə öldürür”
Gürcüstan hakimiyyəti hazırda Mixail Saakaşviliyə açıq şəkildə işgəncələr verir və onu öldürür.
Bunu Ukrayna Prezidenti Volodimir Zelenski Avstriya Prezidenti Aleksandr van der Bellenlə keçirdiyi mətbuat konfransında deyib.
Zelenski Saakaşvilinin fotosunu göstərib və qeyd edib ki, fotolar ona avstriyalı həmkarı ilə görüşdən əvvəl verilib.
“Ukrayna vətəndaşına ictimai şəkildə işgəncə verilir. Mən Gürcüstanın keçmiş prezidentinin niyə həbs edildiyi, bunun Gürcüstanda siyasət və demokratiya üçün hansı nəticələrə gətirib çıxara biləcəyi sualını müzakirə etmirəm. Bu, onların daxili işidir. Mən bir nəfərin həbsindən danışıram. Hər gün ictimai işgəncələrə məruz qalan Ukrayna vətəndaşı Mixail Saakaşvilinin. Düşünürəm ki, onların məqsədi onu öldürməkdir”, - prezident vurğulayıb.
Onun sözlərinə görə, Saakaşvili əvvəlcə zəhərlənib, indi isə yavaş-yavaş öldürülür.
Xatırladaq ki, Saakaşvili 2021-ci il oktyabrın 1-də səkkiz illik fasilədən sonra Gürcüstana gələrkən saxlanılıb. O, sərhədi qanunsuz keçməkdə ittiham olunub.