Müharibə Araşdırmaları İnstitutu: “Rusiya Ukraynada genişmiqyaslı həlledici hücuma hazırlaşır”
“Rusiya yaxın aylarda Ukraynaya genişmiqyaslı həlledici hücuma hazırlaşır”.
Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilib.
Analitiklər bildiriblər ki, Qərb, Ukrayna və Rusiya mənbələrinin məlumatları bunu göstərib. O da vurğulanıb ki, ISW əvvəllər belə proqnozla çıxış edib.
Ekspertlər NATO-nun baş katibi Yens Stoltenberqin Rusiyanın sülh danışıqlarına hazırlaşdığına dair heç bir əlamət olmadığı və hər şeyin bunun əksini göstərdiyi, həmçinin Rusiyanın 200 minə qədər əsgəri səfərbər edə biləcəyi, yerli istehsalın artırılması və İran, Şimali Koreya kimi avtoritar dövlətlərlə tərəfdaşlıqlar vasitəsilə silah-sursat almağa davam etdiyi barədə bəyanatını xatırladıblar.
Stoltenberq vurğulayıb ki, Rusiya Prezidenti Vladimir Putin Ukraynada maksimalist məqsədlərinin üstündə durub.
Analitiklər həmçinin Ukrayna Silahlı Qüvvələrinin Ehtiyatda olanlar Şurasının sədri İvan Timoçkonun Rusiya qoşunlarının Donbasda qruplaşmalarını gücləndirdiyi və qalib gəlmək üçün zəruri olan daxili təzyiqin artması səbəbindən hücuma keçmək məcburiyyətində qalacaqları barədə bəyanatını da nəzərə alıblar.
“Stoltenberq və Timoçkonun bəyanatları Rusiya qoşunlarının yaxın aylarda Luqansk vilayətində hücuma başlamaq üçün şərait yaratdığına dair ilkin proqnozu təsdiqləyir”, - deyə ISW hesabatında deyilib.
Bundan əlavə, ISW analitikləri rusiyalı hərbi bloqerlərin hesabatlarına diqqət çəkiblər; məlum olur ki, Rusiya hələlik ehtiyatda olanların hamısını döyüşlərə cəlb etməyib və onlar həlledici hücuma hazırlaşırlar.