G7 liderləri Ukraynanın müharibədən sonrakı bərpasının xərclərini Rusiyaya ödətmək niyyətindədir
G7 (“Böyük yeddilik”) liderləri Ukraynanın uzunmüddətli bərpası üçün xərclərin Rusiya tərəfindən ödənilməsi istiqamətində tədbirlər görməyə davam edəcək.
Bu barədə G7-nin Xirosima Sammitində bəyanat verilib.
“Bu kontekstdə biz Avropa Şurası çərçivəsində və BMT Baş Assambleyasının qətnaməsinin icrası məqsədilə Rusiya Federasiyasının Ukraynaya qarşı təcavüzü nəticəsində dəymiş zərərlərin qarşılanması üçün Zərər Reyestrinin yaradılmasını alqışlayırıq”, - deyə bəyanatda bildirilib.
Bundan əlavə, G7 ölkələri Rusiyanın təcavüzü ilə bağlı sanksiyalara məruz qalan fiziki və hüquqi şəxslərin aktivlərinin müəyyən edilməsi, dondurulması, həbs qoyulması və müsadirə edilməsi istiqamətində tədbirləri davam etdirəcəklər.
“Biz bir daha təsdiq edirik ki, müvafiq hüquq sistemlərimizə uyğun olaraq, Rusiyanın bizim yurisdiksiyalarımızdakı suveren aktivləri Rusiya Ukraynaya vurduğu zərəri ödəyənə qədər fəaliyyətsiz qalacaq”, - deyə bəyanatda vurğulanıb.