Avropa çempionu: “Qələbəmi ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edirəm”
Slovakiyanın Mixalovtse şəhərində Kombat Ciu-Citsu üzrə açıq Avropa çempionatının qızıl medalçısı, aykido üzrə ikinci dan qara kəmər ustası Fidan Yusifova qələbəsini ulu öndər Heydər Əliyevin 100 illiyinə həsr edib.
F.Yusifova “Report”a bildirib ki, beynəlxalq yarışda Azərbaycanın bayrağını ikinci dəfə dalğalandırmaq qürurverici hisdir.
“Bundan öncə dünya çempionu olmuşdum, bu dəfə hədəfim Avropa çempionu olmaq idi. Özümə çox güvənirdim, müəllimim - atam Ramin Yusifova və digər zəhmət çəkən məşqçilərə məni bu yarışa çox yaxşı hazırladıqlarına görə təşəkkür edirəm”.
O, mübarizənin gərgin keçdiyini vurğulayıb:
“Yarışda 4 rəqiblə üz-üzə gəldim. Ən gərgin mübarizə finaldakı rəqibim ukraynalı idmançıyla idi. Onun təcrübəsi çox olsa da, qələbə qazanaraq qızıl medala sahib oldum”, - F.Yusifova deyib.