Tovuzda güclü külək bir neçə evin yardımçı tikililərini uçurub
Tovuzda leysan yağış nəticəsində sel keçib.
APA xəbər verir ki, rayonun bəzi kəndlərində evlərin həyətlərinə su dolub, təsərrüfatlara ziyan dəyib.
Yuxarı və Aşağı Öysüzlü kəndləri, Qaziqulu kəndinin bir hissəsi sel suları altında qalıb.
Aramsız yağan güclü yağış və külək bir neçə evin yardımçı tikililərini uçurub.
Təbii fəlakət nəticəsində elektrik enerjisinin verilişində fasilələr yaranıb.
Güclü sel ağacları da kökündən çıxarıb.
Kəndlərdəki su arxları da daşıb.
Nəticədə Qaziqulu kəndində bir neçə küçə və kiçikhəcmli körpülər də su altında qalıb. Əhalinin təsərrüfatına da ziyan dəyib. Ev quşları sel altında qalaraq tələf olub. Əksər evlərə, həyətlərə, həmçinin zirzəmilərə də su dolub.: Qeyd edək ki, son günlərdə yağan aramsız yağışlar çaylarda da suyun səviyyəsini artırıb. Hazırda Kür çayının Tovuz rayon ərazisindən keçən hissəsində suyun səviyyəsində artım müşahidə edilir.