Qələminiz iti, sözünüz kəsərli və ən əsası da tutduğunuz mövqe hər zaman haqq və ədalətli olsun Əziz İradə xanım!
Azərbaycan milli mətbuatının zəngin inkişaf yolu ictimai fikir tariximizin mühüm bir hissəsidir. Milli mətbuatımız “Əkinçi” ilə başlanan maarifçilik, yeniləşmə, çağdaş mədəni təfəkkür xəttini davam etdirərək xalqımızın milli özünüdərkində, milli oyanış prosesində müstəsna rol oynayıb. Zərdabi və onunla birlikdə bu qəzetdə əməyi olan maarifpərvər yazarlar xalqı cəhalət və qəflət yuxusundan oyatmağa çalışırdılar. Təbii ki, bütün bunlar dövrün hakim dairələrini rahatsız etməyə bilməzdi. Üstəlik, çarizmin diktəsi ilə özlərini “ziyalı” sayan bəzi üzdəniraqlar da “Əkinçi”nin üzərinə hücuma keçirdilər. Beləliklə, 1877-ci il sentyabrın 29-da “Əkinçi” öz nəşrini dayandırmağa məcbur oldu. Azərbaycan milli mətbuatının təməlini qoyan bu qəzet, ikiillik ömür yaşasa da, xalqın milli və müasir ruhda tərbiyə olunmasında çox böyük rol oynadı. “Əkinçi”dən sonra onun yolunu milli mətbuatın yeni səhifələrini açan “Ziya”, “Kəşkül”, “Kaspi” və digər qəzetlər davam etdirdi.
Mətbuat özlüyündə cəmiyyətin aynası, ictimai şüurun, mənəviyyatın inikasıdır. Bu baxımdan Azərbaycan milli mətbuatı tarixinin ilk səhifələrindən həm də milli-mənəvi dəyərlərimizin daşıyıcısı, fəal təbliğatçısı və qoruyucusu kimi məsul bir missiyanı da yerinə yetirib. Həsən bəy Zərdabinin fəaliyyəti bu baxımdan böyük örnəkdir. Zərdabi 1873-cü ildə peşəkar milli teatrımızın yaranmasında, ilk teatr tamaşasının hazırlanmasında yaxından iştirak etmişdi. O, mütəfəkkir bir ziyalı kimi xalq yaradıcılığına dərindən bələd idi, folklor musiqi nümunələrimizi toplayır, “Əkinçi” qəzetində dərc etdirir, həmçinin dövrün ziyalılarını bu təşəbbüsə qoşulmağa çağırırdı. “Əkinçi” fəaliyyətini dayandırandan sonra da Zərdabi bu yöndə fəaliyyətini davam etdirirdi və 1901-ci ildə ilk dəfə “Türk nəğmələri məcmuəsi”ni nəşr etdirərək bu zəngin mənəvi xəzinəmizin qorunub saxlanmasına töhfəsini verdi.
Bu gün müstəqillik yolu ilə inamla irəliləyən və hərtərəfli inkişaf edən Azərbaycanda söz və mətbuat azadlığının təmin olunması istiqamətində ciddi addımlar atılır, bu sahənin inkişafı ilə bağlı bir sıra uğurlu layihələr həyata keçirilir. Söz və mətbuat cəmiyyətin və dövlətin demokratik inkişaf göstəricisi kimi qəbul olunur. Kütləvi informasiya vasitələri, qəzetlər, jurnallar, teleradiolar, informasiya agentlikləri və informasiyanın müntəzəm formada yayıldığı digər vasitələr cəmiyyətdə ictimai fikri və sosial fəallığı formalaşdırmaqla yanaşı, həm də onları istiqamətləndirir.
Nəzərinizə onu da çatdırmaq istəyirik ki, 22 iyul Milli Mətbuat günündə öz işində uğurlu və peşəkar nailiyyətlərinə görə Rəhbərimiz, yazıçı-publisist İradə Qaracallı "Azərbaycan Jurnalistlər Birliyinə" qəbul edilmişdir. Bu xəbər İradə xanımın neçə illik Jurnalistik fəaliyyətinə verilmiş ən gözəl hədiyyədir. Bu İradə xanımın uğuru, onun qələbəsidir. Bizdə öz növbəmizdə bu məsuliyyətli bir o qədər də şərəfli yolda İradə xanıma uğur və yeni-yeni nailiyyətlər arzu edir, Allahdan sağlam can diləyirik. Bu vətən, bu xalq, bu dövlət naminə çalışan qəlbiniz işıqlı, gözünüz nurlu, qələminiz iti olsun!