Ali məktəbdə milli-mənəvi dəyərlər zəminində tələbələrin tərbiyə prosesinin təşkili istiqamətləri
‘‘ Təhsilimizin məqsədi gənc nəslə, uşaqlara təhsil verib onları gələcəyə hazırlamaqdır. Hər bir insan gərək, eyni zamanda vətəndaş olsun. Mütləq vətəndaş olsun. Dövlətinə sadiq, millətinə sadiq, ənənələrinə sadiq, xalqına sadiq vətəndaş olsun.”
Heydər Əliyev
Çağdaş dövrümüzdə elm və texnologiyanın inkişaf etməsilə əlaqədar gənclərin üzərində mühüm vəzifələr durur, o cümlədən təhsil islahatlarının düzgün və məqsədyönlü şəkildə təşkil olunması təhsil ocaqlarının qarşısında duran əsas məsələlərdən biridir. Tələbələrin milli-mənəvi ruhda tərbiyəsi, vətənpərvərlik hissinə, dərin elmi biliyə və təfəkkürə, geniş dünyagörüşə malik olması, tariximizin, mədəniyyətimizin, zəngin mənəvi irsimizin öyrənilməsi tərbiyə işinin əsas tərkib hissələridir.
Təhsil müstəqil dövlətin təməlidir və onun sosial-siyasi, iqtisadi və mədəni inkişafına mühüm təsir edir. Bu sahədə tələbələr gənc nəslin ən məhsuldar hissəsidir. Dövlət başçısı İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas istiqamətlərindən biri təhsilə olan dövlət qayğısıdır. Dövlətimizin qəbul etdiyi bir çox sənədlərdə ali məktəblərdə hazırlanan gənc mütəxəssislərin ideologiyasının formalaşması və yüksək mənəvi prinsiplərə malik olması diqqət mərkəzində saxlanılmışdır.
İnsan mənəviyyatının güclü olması parlaq gələcəyin təminatıdır. Mənəviyyat olan hər bir mühitdə ruhi birlik, fədakarlıq, humanizm, milli- mənəvi dəyərlərə hörmət, xeyirxahlıq, mərhəmət və qayğıkeşlik, insanlara sevgi, vətənə məhəbbət kimi keyfiyyətlər öz əksini tapır. Bu hiss insanın ətraf mühitdə baş verən hadisələrə münasibətini xarakterizə edən fərdi kateqoriyaların bir sinfidir. Mənəvi cəhətdən özlərini güclü hesab edən insanlar həyatın hər bir anından zövq almağı bacara bilir və qarşıya çıxan hər bir problem qarşısında əzmkarlıq göstərərək həll yollarını araşdırıb, doğru bir nəticəyə gələ bilirlər; o cümlədən təhsillə tərbiyənin, mükəmməl biliklə yüksək mənəviyyatın qarşılıqlı əlaqəsi son dərəcə əhəmiyyətlidir. Təhsil və tərbiyənin cəmiyyətdə xüsusi roluna böyük əhəmiyyət vermiş ümummilli lider Heydər Əliyevin dediyi sözlər bunu bir daha sübut edir: “Təhsil оcaqlarında gənclərimizi xalqımızın mənəvi dəyərləri əsasında tərbiyələndirmək, mənəvi cəhətdən sağlam və saf insanlar tərbiyə etmək məsələsi mühüm yer tutmalıdır”.
Qeyd etmək lazımdır ki, ali təhsil müəssisələrində tələbələr arasında tərbiyəvi seminarlar, konfranslar, qrup halında məlumatlandırma, mühazirə, fərdi yanaşma, məsləhətlərin verilməsi; və görülən kütləvi işlər, tarixi günlərin yad edilməsi, qəzet, bukletlər, kitablar, xüsusi nəşrlər mənəvi tərbiyənin formalaşmasında əsas rol oynayır.
Bu prosesdə ümumbəşəri əməkdaşlıq bacarığına malik, şəxsiyyətlərarası münasibətlər mədəniyyətinə yiyələnmiş kollektiv üzvü, dövlətinin qanunlarına hörmət edən, öz doğma yurdunu, şəhərini, rayonunu, kəndini sevən, onun tarixini və milli ənənələrini bilən, öz peşəsinə marağı olan, peşə vəzifələrinin yerinə yetirilməsi üçün məsuliyyət hiss edən, fəaliyyətinin sosial nəticələri üçün cavabdeh olan kollektiv üzvü kimi yetişdirilən gənc nəsil əsas bariz nümunədir.
Nəticə olaraq, ali məktəblərdə tərbiyənin təşkili istiqamətlərini aşağıdakı kimi qruplaşdıraq:
1. Tələbələrdə mənəvi şüur, milli mentalitet hissi formalaşdırmaq (yaxşılığı və pisliyi, xeyirxahlığı və bədxahlığı, gözəli və çirkini, həqiqini və saxtanı ayırd etməyi bacarmaq, milli-mənəvi şüur, milli mənlik, vətən, millət təəssübkeşliyi, fədakarlıq, soykökünə
bağlılıq)
2. Tələbələrdə mənəvi hisslər yaratmaq (vicdan, şərəf, ləyaqət, namus, borc, inam, məsuliyyət, vətənpərvərlik,vətəndaşlıq).
3. Tələbələrdə mənəvi mövqe formalaşdırmaq (həyatın çətin məqamlarında fədakarlıq göstərmək, xeyirxah münasibətdə olmaq, insanlara hörmət, qayğı və həssaslıqla
yanaşmaq, kömək və yardım etmək).
4. Tələbələrdə mənəvi sima formalaşdırmaq (səbr və təmkinli olmaq, tolerantlıq, mütəşəkkillik, dəqiqlik, sədaqətlilik, mərdlik, cəsurluq, mədəniyyət və nəzakətlilik, sadəlik və təvazökarlıq, düzlük və doğruçuluq, dostluq və yoldaşlıq, mərhəmət və qayğıkeşlik)
5. Tələbələrdə mənəvi dаvrаnış, adət və vərdişlər fоrmаlаşdırmaq (vətənə, xalqa xidmət etməyə hazır olmaq, xalqın adət və ənənələrinə hörmət, mənəvi davranış nümayiş etdirmək, düzgün müstəqil qərar çıxarmaq, ədəbli, nəzakətli ünsiyyət və rəftar etmək, insanlara xeyirxah münasibətdə olmaq).
Beləliklə, ali məktəblərdə tərbiyə işinin təşkilində vətənini, xalqını, öz obasını sevən, millətimizin soykökünün qədim tarixə bağlılığından, apardığı mübarizələrdən bir yumruq kimi birləşə bilən, öz mənəvi dəyərlərini, milli qürurunu, görkəmli şəxsiyyələrini qiymətləndirə bilmək bacarığı olan, milli ruhda gənc nəsil yetişdirmək əsas prioritet məsələ olmalıdır.
Kəmalə İsmayılova
"Bizimlider.com" İnformasiya Xəbər Portalının şöbə müdiri