Zelenski: “Müharibə Rusiya ərazisinə qayıdır, bu qaçılmaz prosesdir”
Rusiyanın Ukraynada başlatdığı müharibə öz ərazisinə keçməyə başlayır. Bu təbii və qaçılmaz bir prosesdir.
Bunu Ukrayna Prezident Volodimir Zelenski öz videomüraciətində deyib.
Dövlət başçısı bəyan edib ki, Ukraynadakı döyüş meydanında Rusiyanın təcavüzü iflasa uğrayıb.
“Bu gün 522-ci gündür ki, Rusiya rəhbərliyinin bir-iki həftəyə sona çatacağına ümid etdiyi “xüsusi hərbi əməliyyat” adlanan əməliyyatı davam edir. Ukrayna güclənir. Tədricən müharibə yenidən Rusiya ərazisinə qayıdır. Bu, qaçılmaz, təbii və tamamilə ədalətli prosesdir”, - Ukrayna Prezidenti vurğulayıb.
Eyni zamanda Zelenski xəbərdarlıq edib ki, rusiyalılar qışda yenidən enerji terroruna əl ata bilərlər.
“Biz bilməliyik ki, həm keçən il, həm də bu qış Rusiya terrorçuları bizim enerji sektorumuzu və kritik obyektləri vura bilərlər”, - prezident əlavə edib.
Xatırladaq ki, bu gün naməlum pilotsuz təyyarələr Moskvanın mərkəzinə hücum edib. Xüsusilə, dronlardan biri Rusiya Federasiyasının bir sıra nazirliklərinin ofislərinin yerləşdiyi “Moskva Siti” kompleksinin qülləsinə düşüb.