FHN istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib
Fövqəladə Hallar Nazirliyi (FHN) istirahət üçün təbiətə üz tutan vətəndaşlara müraciət edib.
FHN-dən daxil olan müraciətdə deyilir:
“Qızmar yay günlərində əhali xüsusən həftəsonu istirahət məqsədilə kütləvi şəkildə təbiət qoynuna üz tutur, meşə və meşəətrafı ərazilərdə, o cümlədən ağaclıq sahələrdə sərinlənməyə üstünlük verir. Bu zaman bəzi insanların yanğın təhlükəsizliyi qaydalarına etinasız münasibəti və ya məsuliyyətsizliyi sonda yanğınların baş verməsinə səbəb olur, acı nəticələrə gətirib çıxarır. Havanın hazırda müşahidə olunan yüksək temperaturu isə kiçik bir alovun qısa müddətdə böyük yanğına çevrilmə riskini xeyli artırır.
Qeyd olunanları, xüsusən də qarşıdan gələn həftəsonunda insanların şəhər kənarına, meşə və meşəətrafı ərazilərə gözlənilən kütləvi səfərlərini nəzərə alaraq, FHN bir daha əhalini yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət etməyə çağırır.
Nəzərə alınmalıdır ki, təbiət qoynunda istirahət zamanı yanar mayelərlə islanmış materialların, eləcə də şüşə qab və şüşə qırıntılarının, tam söndürülməmiş siqaret kötüyü və kibritin yerə atılması, ətrafın zibillənməsi, meşə sahələrində ocaq yandırılması tamamilə yolverilməz olmaqla, açıq ərazilərdə baş verən yanğınların əsas səbəblərindəndir”.