Ekoloq: “Bakıda müşahidə olunan tozdan qorunmaq üçün maskadan istifadə edilməlidir”
“Stansiyalardan əldə edilən məlumatların təhlilləri göstərir ki, Bakı şəhərində hava keyfiyyəti göstəricilərində toz hissəciklərinin miqdarı 1,8 dəfə, dəm qazı 1,7 dəfə normadan çox müşahidə olunub”.
Bunu Milli Hidrometeorologiya Xidmətinin rəisi Nazim Mahmudov dünən Bakı və Abşeron yarımadasının atmosfer havasında müşahidə olunan toz axını ilə bağlı Bizim.media-ya açıqlamasında deyib.
Onun sözlərinə görə, atmosfer havasının keyfiyyəti hər gün Bakı, Sumqayıt və Gəncə şəhərlərində fəaliyyət göstərən avtomatik stansiyalar vasitəsilə yoxlanılır:
“Stansiyalardan gündəlik olaraq atmosfer havasında olan müxtəlif qaz qarışıqları haqqında məlumatlar əldə olunur. Atmosfer havasının keyfiyyətinə dair monitorinqin nəticələri gündəlik olaraq Ekologiya və Təbii Sərvətlər Nazirliyinin rəsmi səhifələrində yerləşdirilir. Son günlərdə cənub istiqamətli isti hava axınlarının üstünlük təşkil etməsi, yağıntının olmaması havanın keyfiyyət göstəricilərinin, yəni toz hissəciklərinin, çirkləndirici qaz qarışıqlarının normadan yüksək olmasına səbəb olur”.
Xəzər Hava Keyfiyyəti Laboratoriyasının müdiri Rövşən Abbasov da havanın toz hissəcikləri ilə çirklənməsinin yüksək səviyyədə olduğunu bildirib:
“Hal-hazırda yay ayları olduğu üçün şəhərdə avtomobillər bir qədər azalıb. Buna rəğmən, Bakıda tozla çirklənmə çox yüksək səviyyədədir. Toz Bakının əsas çirkləndiricisi hesab olunur” .
Mütəxəssis qeyd edir ki, tozla çirklənmə həssas qruplar üçün bir qədər təhlükəli ola bilər, xüsusilə də ağciyər xəstəlikləri olan insanlar üçün yaxşı deyil:
“Buna görə də günün pik saatlarında maskadan istifadə edilsə, yaxşı olar. Təbii ki, bu, yay aylarında çətindir. Yaxud şəhərdən kənarda dincəlmək olar. Lakin bütün bunlarla yanaşı, Bakının havasına təsir edən əsas amil dəniz və küləkdir. Bu, Bakını bir növ xilas edir”.