Xankəndidə Azərbaycan bayrağı qaldırılır, amma... - Kremlin 14 maddəlik yeni "planı"
Rusiyanın Qarabağla bağlı təkliflərinin yer aldığı sənəd mediada tirajlanıb.
Publika.az xəbər verir ki, “Lavrov planı” adlanan sənədi separatçıların nümayəndəsi Tiqran Petrosyan yayıb.
14 maddədən ibarət olan təkliflər layihəsi “Azərbaycan SSR-nin keçmiş Dağlıq Qarabağ Vilayəti ərazisində erməni əhalisinin təhlükəsizliyinin və hüquqlarının Azərbaycan Respublikasının qanunvericliyinə uyğun olaraq təmin edilməsinin əsas prinsipləri və parametrləri” adlanır.
1. Qanun qarşısında bərabərlik prinsipinin qorunması, etnik, linqvistik və ya dini və digər əlamətlərə görə ayrı-seçkiliyin istisna edilməsi;
2. Erməni əhalisinin kompakt yaşadığı ərazilərdən məcburi/könüllü köçürülməsinin qarşısının alınması;
3. Məhkəmə qərarı ilə hərbi cinayətlərdə təqsirli bilinən şəxslər istisna olmaqla, yerli hakimiyyət orqanlarında və silahlı birləşmələrdə iştirak etmək adı ilə erməni əhalisinin təqib edilməsinin, cəzalandırılmasının və hüquqlarının hər-hansı məhdudlaşdırılmasının qanunla qadağan edilməsi;
4. Azərbaycan Respublikasının qanunvericilik, məhkəmə və icra hakimiyyəti orqanlarının, o cümlədən, polis və prokurorluq orqanlarının respublika, rayon və şəhər strukturlarında erməni əhalisinin proporsional şəkildə təmin olunması;
5. Erməni əhalisi ilə bağlı milli, regional və yerli səviyyədə qərarların işlənib hazırlanasında və qəbulunda iştirak;
6. Dövlət qurumlarında, o cümlədənm, rəsmi yazışmalarda və işgüzar işlərdə, eləcə də ermənilərin çoxluq təşkil etdiyi yaşayış məntəqələrinin ictimai yerlərində Azərbaycan dili ilə yanaşı, erməni dilindən də sərbəst şəkildə istifadə edilməsi, erməni dilində yol nişanlarının və elanların quraşdırılması;
7. Erməni əhalisinin şəxsi mülkiyyətinin, daşınmaz əmlak və torpaq sahələrinin toxunulmazlığı;
8. İctimai təşkilatların yaradılması və sərbəst fəaliyyətinin təmin edilməsi;
9. Erməni əhalsinin öz dini etiqadlarını sərbəst şəkildə həyata keçirməsi, dini idarə və təşkilatların fəaliyyəti üçün zəruri şəraitin təmin edilməsi, onların əmlakının toxunulmazlığı;
10. Erməni mədəniyyətinin, milli kimliyinin, tarixi-mədəni irsinin qorunub saxlanılması, erməni dilində KİV-in inkişafı;
11. Dövlət və özəl təhsil müəssisələrində erməni dilində məktəbəqədər, ibtidai, orta və ali təhsil almaq;
12. Ermənistan və Azərbaycanın ayrıca sazişi ilə Qarabağ ərazisində yaşayan erməni əhalisinin Ermənistanla təhsil, mədəni, elm, media, idman və digər humanitar əlaqələrin təmin edilməsi;
13. Erməni əhalisinin digər dövlətlərin ərazisində qanuni olaraq yerləşən şəxslərlə, xüsusən də ortaq etnik, mədəni, dil və dini mənsubiyyəti və ya ümumi mədəni mənsibiyyətini bölüşdükləri şəxslərlə sərhədi keçərək, azad və dinc münasibətlərin qurulması və saxlanılması;
14. Erməni əhalisi üçün kənardan iqtisadi və humanitar yardımların maneəsiz alınması;
Ermənilər bu təklifləri süngü ilə qarşılayır, çünki sənəd Qarabağda separatizmin ləğv edilməsi, Azərbaycanın suverenliyinin təmin edilməsini dəstəkləyir. Separatizmi dəstəkləyən Rusiyanın mövqeyinin xeyli yumşalması fonunda da təkliflər cəlbedici görünür. Lakin tamamilə "Azərbaycanın xeyrinədir" demək də mümkün deyil, xüsusilə son 3 bənd bu yöndədir.
- Azərbaycan erməni əhalisinin hüquq və təhlükəsizliyinin qorunmasına tam zəmanət verir, lakin burada kənar ölkənin iştirakı qəbuledilməzdir: 12-ci bənddə Azərbaycan və Ermənistan arasında Qarabağla bağlı ayrıca sazişin imzalanması nəzərdə tutulur;
- 13-cü bənd erməni diasporunun Qarabağa müdaxiləsinə, həm də istədikləri vaxt sərbəst girişinə zəmin yaradır;
- 14-cü bənd erməni əhalisinə kənardan iqtisadi və humanitar yardımı şərtləndirir;
Təkliflər bölgədə Azərbaycan qanunvericiliyinin bərpasını nəzərdə tutusa da, son üç bənd etnik separatizmin toxumlarının saxlanılmasına hesablanıb. Yerdə qalan 11 bənd də bu və ya digər formada etnik separatizmi stimullaşdıracaq amillərdir. Və ən əsası, bu təkliflər Rusiyanın “zəmanətçi” kimi Qarabağda davamlı qalmasına şərait yaradır.
Azərbaycan üçün yeganə yol Qarabağdakı erməni əhalisi ilə kənar qüvvənin iştirakı olmadan danışmaq, onların vətəndaşlığı qəbul edərək, respublika ərazisindəki digər etnik-dini qruplar kimi bərabərhüquqlu şəkildə yaşamasını təmin etməkdir.