Təbrizin bu tələbi fars millətçilərini təşvişə saldı: Azərbaycanlılar bunu etsə, İran dağılar
Bu günlərdə Azərbaycan Mədəniyyət, İncəsənət və Ədəbiyyat Fondunun toplantısında İran-İslam yanaşmalı türk dili akademiyasının yaradılması zərurətindən danışılıb. Fondun Himayəçilər Şurasının İslami Oriyentasiya Nazirinin iştirakı ilə keçirilən iclasında keçmiş parlament üzvü Əli Əsgər Şerdust deyib ki, rəhbərliyin tövsiyələrinə əsasən, Azərbaycan mədəniyyətinin bu sahəsinə elitanı, mədəniyyət xadimlərini işə cəlb etmək lazımdır - Mərkəzi İslami İranda olan Türk Dili Akademiyası. İclasda Şərqi Azərbaycan, Qərbi Azərbaycan, Ərdəbil və Zəncan vilayətlərinin mədəniyyət və islam maarifi üzrə baş direktorları da iştirak ediblər.
Bu ideya 70-ci illərdən mövcud olub. 11-ci hökumətdə o vaxtkı təhsil naziri Əli Cənnəti belə bir akademiya yaratmağa cəhd etdi. Sonra isə parlament seçkilərində Məhəmmədhüseyn Fərhani bu ideyanı seçki üçün cəlbedici hesab etmişdir.
1392-ci hicri şəmsi ilində keçirilən prezident seçkilərində Həsən Ruhaninin qərargahında etnik qrupların və dinlərin qərargahı yaradıldı. Ruhani Təbrizə seçki səfəri zamanı vədlərində Azərbaycan dili akademiyasının yaradılmasından açıq danışırdı. Məsələ 2014-cü ildə Daxili İşlər Nazirliyi, Prezident Administrasiyası, Mədəniyyət və İslami İrşad nazirlikləri kimi qurumların ekspert səviyyəsində qaldırılıb.
Bu açıqlamalar sosial şəbəkələrdə, xüsusən də Təbrizi sakinlərinin kəskin reaksiyasına səbəb olub. Bir çox istifadəçilər bu cür sözləri demaqoq və “milli birliyə” zidd hesab edərək etiraz ediblər. Fars millətçiləri hesab edirlər ki, bir ölkədə birdən çox dil akademiyasının olması eyni ölkədə bir neçə hökumətin olması deməkdir ki, bu da idarəetmədə fikir ayrılığına zəmin yaradır. “İran vahid dövlət ideyasından əl çəkib tayfa və qəbilə konfederasiyasına çevrilib Əfqanıstanın Loja Cirgası kimi onların işləri üçün bir qurum yarada bilməz”-deyə azəriləri təhqir etmək üzrə ixtisaslaşmış “azeriha” saytı cənubi azərbaycanlıları farsların içərisində tayfa kimi təqdim edir (Loya Cirga puştunların tayfa şurasıdır).
“Azəriha” əlavə edir ki, Azərbaycan Mədəniyyət, İncəsənət və Ədəbiyyat Vəqfi nəzdində fəaliyyət göstərən Türk Dili Akademiyasının yenilənmiş planı belə tələblərin sonu olmadığını göstərir və bir daha sübut edir ki, etnik liderlər bu işdə dayanmırlar.
Əslən təbrizli olan azərbaycanofob ekspert Salar Seyfəddini bunu İranın balkanlaşmasına, Yuqoslaviya ssenarisi üzrə dağılmasına səbəb olacağını “ön görür”, cənubi azərbaycanlı etnik separtatçıların cəzalandırılmasını tələb edir. “İlk növbədə ondan başlamalıyıq ki, Azərbaycan Mədəniyyət, İncəsənət və Ədəbiyyat Fondunun yaranmasından ötən on il ərzində bu qurumun hansı nailiyyətləri var? Yarandığı gündən dövlət büdcəsindən ayrılan xüsusi büdcə və konkret bina ilə idarə olunan bu fond (Pərvin Etisaminin atası Yusuf Etisam əl-Molkun Təbriz şəhərində yerləşən tarixi evi) araşdırmalar aparıb hansı töhfəni verib?”
Manqurt azərbaycanlı daha sonra iddia edir ki, Fars Dili və Ədəbiyyatı Akademiyasının başqa bir xüsusi tarixçəsi var, heç kim başqa dilləri fars dili ilə müqayisəyə cürət edə bilməz. “Fars dili İranın ortaq və milli dilidir, parlament üzvü olan cənab Əli Əsgər Şerdust 1358-ci ildə konstitusiyaya səs verərək onun ümumi və milli statusunu qəbul edib”.
Daha sonra təbrizli manqurt “Etnik film festivalı” ideyasına da qarşı çıxır: “Kamal Təbrizinin (kinorejissor) Təbrizin Mədəniyyət İdarəsində Etnik Film Festivalı təşəbbüsü İranın ortamüddətli perspektivdə balkanlaşma ideyasıdır. İncəsənət festivalı, akademiya, milli, İran-İslam yanaşması və s. kimi gözəl adlar altında İranı balkanlaşdırmaq üçün bəhanədir”.
O, K.Təbrizinin “film və seriallarda fars dilinin inhisarı”na qarşı çıxmasını tənqid edir, bunu rejissor kimi rəqabətədavamlı film çəkə bilməməsi ilə bağlayır: “Yeri gəlmişkən, Yuqoslaviya da öz təcrübəsində bu andan başlayıb. Yəni daha çox şəffaflıq, azadlıq və firavanlıq əvəzinə mərkəzi hökumət cəmiyyətə “daha çox etnik mənsubiyyət” yeritdi. Keçmiş Yuqoslaviya axırda o həddə çatdı ki, dövlət bürokratiyasının səkkiz ayrı etnik məclisi, səkkiz İncəsənət və Elmlər Akademiyası, səkkiz partiya lideri var idi”.
İran Ali dini rəhbərinin xarici siyasət məsələləri üzrə müşavir Əliəkbər Vilayəti isə yenə də azərbaycanlıların İran tarixinin, mədəniyyətinin bir parçası olması haqda uzun-uzadı məqalə hazırlayıb, tezislərini Səfəvi tarixi, Şah Abbasın fəaliyyəti üzərində qurub. Bir müddət əvvəl İran mediasında azərbaycanlılar arasında anti-Türkiyə əhval-ruhiyyəsi yaymaq üçün Çaldıran döyüşünü, qızılbaş-osmanlı döyüşləri tarixini qabartmaq təklif olunurdu. Vilayətinin məqaləsi bu tezislərin əsl mücəssəməsi sayıla bilər.
Vilayəti və Seyfəddininin bəzəyərək dediklərini 20-ci əsrin əvvəllərində İrəc Əfşar daha səmimi şəkildə yazıb: “Əgər azərbaycanlılar türkcə qəzet oxuya bilirlərsə, türkcə şeir yaza bilirlərsə, farsca onlara daha nə lazımdır? Azərbaycanlıları məcbur etmək lazımdır ki, tədricən türk sözlərini fars sözləri ilə əvəz etsinlər”.
Cəmaləddin Quliyev, siyasi ekspert