Qərbi Azərbaycan Xronikası: “Bizdən Abbasqulu bəy Şadlinskinin heyfini çıxırdılar” - VİDEO
Bu gün Qərbi Azərbaycan Xronikası layihəsi çərçivəsində növbəti veriliş efirə gedib.
Jurnalist Rufik İsmayılovun bu dəfə müsahibi Əməkdar mədəniyyət işçisi, Prezident təqaüdçüsü Telli Pənahqızı olub.
O, Qərbi Azərbaycanın Vediabasar mahalının Böyük Vedi kəndindən, uşaqlıq və yeniyetməlik illərini keçirdiyi qədim yurd yerimizdən geniş söhbət açıb. İllər boyu tarixi torpaqlarımıza həsrət qaldığımızı diqqətə çatdıran T.Pənahqızı daim o yerlərin xəyalı ilə yaşadığını vurğulayıb.
Əməkdar mədəniyyət işçisi T.Pənahqızı qeyd edib ki, yurd, el-oba sevgisi heç vaxt insanı tərk eləmir:
“Biz doğma torpaqlarımıza mütləq qayıdacağıq. Qərbi Azərbaycandan soydaşlarımızı dəfələrlə deportasiya edib, kütləvi qırğınlara məruz qoyublar. Amma bir müddət sonra insanlarımız təkrar o yerlərə qayıdıblar. Çünki Vətən sevgisi insanı tərk eləmir. Njde və Andranikin silahlı dəstələri 1918-ci ildə kəndlərimizi, o cümlədən Qarabağları viran qoyub, azərbaycanlıları qətlə yetirib, talançılıqla məşğul olublar. Sanki bizdən Abasqulu bəy Şadlinskinin heyfini çıxıblar. Qarabağlar kəndində iclas adı ilə azərbaycanlıları bir kluba doldurub diri-diri yandırıblar. Üstündən illər keçsə də faciəvi hadisənin baş verdiyi həmin ərazidə ot da bitmirdi. Sonrakı illərdə də daim ermənilərin bizə qarşı soyuq münasibətini hiss etmişik”.
Prezident təqaüdçüsü T.Pənahqızı deyib ki, vaxtilə babasının ailəsi də deportasiyaya məruz qalıb, məcburən öz kəndlərini tərk edib:
“Müəyyən vaxt keçəndən sonra geri qayıdanda görüblər ki, evlərini ermənilər zəbt ediblər. Babam xəstəlik tapıb və vəfat edib, nənəmgil günlərlə küçədə gecələməli olublar. 1948-53-cü ilin deportasiyasından sonra 1960-cı illərə təsadüf edən səssiz köç də baş verib. Ermənilər azərbaycanlılara elə şərait yaradıblar ki, insanlar ailələrinin, uşaqlarının gələcəyi naminə səssizcə Vətənlərini tərk edib Azərbaycana pənah gətiriblər. Atam 37 yaşı olanda mədəsindəki adi xəstəliklə əlaqədar əməliyyat üçün İrəvandakı xəstəxanaya aparılıb, cəmi iki gün sonra onun meyitini gətiriblər. 1988-ci il hadisələrində isə silahlı ermənilər kəndlərimizə basqın edib əhalini zorla evlərindən çıxarıblar. Ermənilər bir çox iblisvari hərəkətlərə yol verməklə azərbaycanlıları tarixi torpaqlarından didərgin salıblar”
El-oba həsrətini, yurd nisgilini daim öz yaradıcılığında nümayiş etdirən T.Pənahqızı bildirib ki, indi başlıca hədəf Qərbi Azərbaycana qayıtmaqdır:
“Azərbaycan Prezidenti İlham Əliyev təkbaşına bir ordunun işini görür. O 44 günlük Vətən müharibəsində sadəcə ermənilərlə deyil, dünya erməniliyi ilə, onların havadarları ilə mübarizə apardı. Bu gün biz işğaldan azad olunan Qarabağa qayıdırıqsa, bu, Azərbaycan xalqının və onun liderinin, Müzəffər Ali Baş Komandanının uğurudur, qələbəsidir. Biz hamımız onun ətrafında birləşərək cəkici bir yerə vurmalı, həmrəylik nümayiş etdirməliyik. Hazırda isə bizim ən böyük hədəfimiz Qərbi Azərbaycana qayıtmaqdır. Bu qayıdışın təmin olunmasında Azərbaycan qadınlarının, analarımızın da üzərinə böyük məsuliyyət və iş düşür. Onların təlim-tərbiyəsi, övladlarına aşıladıqları Vətən sevgisi sayəsində əminəm ki, böyük köç geri qayıdanda gənclərimiz ön sıralarda olacaqlar”.
Xatırladaq ki, Qərbi Azərbaycan Xronikası layihəsinin məqsədi tarixi torpaqlarımızın adının yaşadılması, tanıdılması, həmçinin azərbaycanlıların ermənilər tərəfindən deportasiyaya məruz qoyulmasından, həmin ərazilərdə mövcud olmuş, lakin adı silinən toponimlərin, saysız-hesabsız yeraltı və yerüstü maddi mədəniyyət nümunələri – qədim yaşayış məskənləri, nekropollar, kurqanlar, qala, saray və istehkam qalıqları, karvansaralar, körpülər, qəbirüstü sənduqələr, xaçdaşlar, at-qoç heykəlləri, məbəd, kilsə, məscid, pir və ocaqların üzə çıxarılması, həmin ərazinin təmiz oğuz-türk məskənləri olduğunu təsdiq edən faktların dünya ictimaiyyətinə çatdırılmasıdır.
Həmçinin Prezident İlham Əliyevin Qərbi Azərbaycanla bağlı dediyi “XX əsrin əvvəllərinə təsadüf edən xəritə bir daha onu göstərir ki, Qərbi Azərbaycan tarixi Azərbaycan diyarıdır, şəhərlərin, kəndlərin adları Azərbaycan mənşəlidir və biz yaxşı bilirik ki, indiki Ermənistan ərazisində tarix boyu Azərbaycan xalqı yaşayıb. İndi əsas vəzifə ondan ibarətdir ki, dünya ictimaiyyəti də bunu bilsin”, – fikrini əsas tutaraq, Qərbi Azərbaycan İcmasının hazırladığı Qayıdış Konsepsiyasından irəli gələn vəzifələrin təbliğidir.
Bundan əlavə, Qərbi Azərbaycanla bağlı tarixçilərin, araşdırmaçıların düşüncələrini, deportasiyaya məruz qalmış şəxslərin həyat hekayəsini işıqlandırmaqdır.
Daha ətraflı Baku TV-nin süjetində: