Dünyada yeganə mükafatın sahibi Tofiq Bəhramovun anadan olmasının 100 illiyidir
Bu gün Azərbaycan futbolçusu, tanınmış futbol hakimi Tofiq Bəhramovun doğum günüdür.
Bizimlider xatırladır ki, Tofiq Bəhramov 1925-ci ildə Bakıda anadan olub. Onun valideynləri 1918-ci il hadisələri vaxtı Zəngəzur qəzası, İncəvar kəndindən (1930-cu illərdə ləğv edilən kənd Ermənistan SSR, Qafan rayonunda yerləşib) didərgin düşüblər.
Futbolçu karyerasına 1943-cü ildə başlayan T.Bəhramov əvvəlcə "Spartak"ın gənclərdən ibarət komandasında çıxış edib. Daha sonra isə "Neftyanik"ə dəvət olunub. O, futbolçu kimi təkcə Azərbaycan çempionatında iştirak edib. Müasirlərinin sözlərinə görə, Bəhramov əsas oyunçu olmasa da, komandanın kapitanı olub və hakimlərlə daha çox mübahisə etməsi ilə digər oyunçulardan fərqlənib.
Lakin onun futbolçu karyerası istədiyi kimi alınmayıb. Ayağından aldığı zədə karyerasına erkən son qoyması ilə nəticələnib. Bununla belə, futbolun vurğunu olan Tofiq Bəhramov sevimli məşğuliyyətindən ayrılmaq istəməyib və hakim kimi bu idman növündə öz fəaliyyətini davam etdirmək qərarına gəlib.
1951-ci ildən SSRİ çempionatının oyunlarına hakim kimi təyinat alıb, 1964-cü ildən isə beynəlxalq oyunları idarə etmək hüququ qazanıb. O, SSRİ-də beynəlxalq çempionatları idarə edən ilk hakim kimi fərqlənib. İki oyunda baş hakim, altı oyunda isə yan xətt hakimi kimi çıxış edib. Dünya çempionatının final oyununa düşmək üçün Bəhramova cəmi iki beynəlxalq oyunu idarə etmək kifayət edib. İndiki zamanda isə bu, qətiyyən mümkün deyil.
O, Nikolay Latışevdən sonra Dünya Kubokunun final mərhələsində hakimlik etmiş ikinci, Avropa kubokunun final oyununu idarə edən birinci sovet hakimi olub.
1966-cı ildə FIFA Dünya Kubokunun futbol oyunu həmyerlimizi futbolla maraqlanan hər kəsə tanıtdırdı və Tofiq Bəhramovun adının tarixdə qalmasına şərait yaratdı. Almaniya və İngiltərə milliləri arasında baş tutan final oyununda Ceff Herstin mübahisəli qolunu qeydə alan Bəhramovun qərarının doğru olduğunu sonradan bütün dünya bildi.
Həmin ərəfədə "Qızıl fit"lə yalnız baş hakimlər təltif olunurdular.
Tofiq Bəhramov bu oyundan sonra, həmçinin Böyük Britaniya kraliçası II Elizabetin şəxsən təqdim etdiyi "Qızıl ilahə" (Dünya Kuboku) mükafatına layiq görülüb.
Çox az adam bilir ki, Tofiq Bəhramov 1970-ci ilin dünya çempionatında da hakimlik edib. Meksikada keçirilən mundialda Bəhramov üç oyunu, ən əsası isə əfsanəvi qarşılaşma sayılan Braziliya-Uruqvay yarımfinal görüşünü idarə edib.
1971-ci il 25 mayda Lev Yaşinin vida matçında SSRİ komandası dünya yığması ilə qarşılaşıb, həmin görüşü də Bəhramov idarə edib.
O, 1968 və 1972-ci illərdə keçirilən Avropa çempionatlarında, həmçinin Qitələrarası Kubokda ("Estudiantes" - "Mançester Yunayted" oyununda yan xətt, "İndependyente" - "Ayaks" matçında isə baş hakim) ədaləti təmin edib.
1972-ci ildə UEFA Kubokunun final matçı ("Vulverhempton" - "Tottenhem") da ona tapşırılıb.
Tofiq Bəhramov 1975-ci ildə hakimliklə vidalaşıb.
1975-ci ildə yenidən "Neftçi"yə qayıdan Bəhramov üç il komandada ikinci məşqçi kimi fəaliyyət göstərib.
Bəhramov "Neftçi"nin rəisi vəzifəsində də çalışıb.
O, 1974-cü ildən ömrünün sonuna kimi Mirzə Fətəli Axundov adına Azərbaycan Pedaqoji Rus Dili və Ədəbiyyatı İnstitutunun bədən tərbiyəsi və idman kafedrasının müdiri işləyib.
1992-ci ildə Azərbaycan Futbol Federasiyaları Assosiasiyasında hakimlərin sədri, daha sonra isə baş katib vəzifələrində çalışıb.
Dünya futbol tarixinə "Qızıl fit" almış yeganə yan xətt hakimi kimi düşən Tofiq Bəhramov 1993-cü il martın 26-da üçüncü dəfə infarkt keçirib və dünyasını dəyişib.