Moskvadan İrəvana daha bir xəbərdarlıq: Qərbin vədləri ilə... - VİDEO
Moskva ümid edir ki, Ermənistan ABŞ və Avropa İttifaqının sərmayə və “parlaq gələcək” vədlərinə baxmayaraq, Aİİ ilə əməkdaşlıqdan əl çəkməyəcək.
Publika.az xəbər verir ki, bunu “RİA Novosti”-yə müsahibəsində Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə birinci departamentinin direktoru Mikael Ağasandyan deyib.
Onun sözlərinə görə, Moskva ilə Aİİ çərçivəsində müttəfiqlik qarşılıqlı faydalı əməkdaşlığa əsaslanır və Ermənistanın iqtisadi yüksəlişi daha çox bu alyans hesabınadır. O vurğulayıb ki, belə müsbət dinamika ilə çox az adam öyünə bilər.
İrəvanın NATO və Aİ ilə yaxınlaşmaq istəyini şərh edən diplomat vurğulayıb ki, Ermənistan sərmayə və texnologiya vəd edən Qərbin “çəngəlinə düşüb”.
“Onlar postsovet məkanında artıq bir neçə dəfə bu yanaşmadan istifadə ediblər və bunun nədən qaynaqlandığını hamımız bilirik və görürük”, - o deyib.
Bundan əvvəl Ermənistan Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan iqtisadiyyatın, siyasətin və təhlükəsizliyin şaxələndirilməsi kursunu elan edərək, ölkənin təkcə Qərbdə deyil, həm də Asiyada tərəfdaşlar axtardığını vurğulamışdı. Onun sözlərinə görə, Qərb ölkələri Moskva ilə münasibətlərin pisləşməsini tələb etmir.