Zahid Oruc: Mehriban Əliyevanın Milli Məclisdən getməsi qanunverici orqanın gücünü azaltdı
“Yeni formalaşdırılacaq parlamentin statusu fərqli olacaq. Məclisin artıq Konstitusiya ilə müəyyənləşdirilmiş səlahiyyətlərini həyata keçirməsi ona imkan verəcək ki, ölkə həyatında dinamik çalışan, gündəlik aparıcı mövzuları, ideyaları analiz etməyi bacaran parlament hakimiyyətini görək”.
Bizimyol.info xəbər verir ki, bu fikirləri Sosial Tədqiqatlar Mərkəzinin sədri, millət vəkili Zahid Oruc səsləndirib.
“Dövlət idarəçilik quruluşunda 2016-cı ildə son dəyişikliklər aparılıb. Bu gün Azərbaycanın mərkəzi idarəçilik sistemi güclənib. Mehriban Əliyevanın I vitse-prezident təyin olunması burada həlledici rol oynayıb. Digər tərəfdən, Mehriban Əliyevanın Milli Məclisdən obyektiv səbəblər üzündən getməsi qanunverici orqanın gücünü azaltdı, onun siyasi çəkisinə təsir etdi. Çünki Mehriban Əliyevanın Milli Məclisdə təmsilçiliyi hökumətə təsir, daha canlı müzakirələr və sambal baxımından çox önəmli idi. Hazırkı dövrdə Milli Məclisə dövlətin bu yeniləşmədən irəli gələn yanaşması ondan ibarətdir ki, insanlar bu qurumdan razı olsunlar. Bunun üçün yetərincə imkanlar var. Azərbaycanın parlamentar modelə, proporsional sistemə keçidlə bağlı çağırışlar və s. o qədər də uğurlu yanaşma deyil. Ən əsas məsələ ondan ibarətdir ki, bu seçkilərin təyin olunması cəmiyyəti daha da ümidləndirib, canlanma yaradıb, insanlarda inamı artırıb, islahatların nəticəyönümlü olacağına olan fikirləri daha da möhkəmləndirib. Belə olan təqdirdə ən başlıca məsələ cəmiyyətin bu proseslərə qatqısını təmin etməkdir. Yeni parlament, ictimai-siyasi spektrdəki yaradıcı insanları, düşüncə sahiblərini, uğur qazanmış şəxsləri, məsuliyyətli adamları öz qanadları altına ala bilməlidir. Həqiqətən də 125 adamın hamısını millət tanımalıdır!”- deyə o qeyd edib.