bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Könül Nurullayeva: “Dövlətimiz bu sınaqdan alnıaçıq, üzüağ çıxacaq”

11-04-2020, 13:59 100 dəfə baxılıb

Könül Nurullayeva: “Dövlətimiz bu sınaqdan alnıaçıq, üzüağ çıxacaq”
“Hər bir Azərbaycan vətəndaşı harada olmasından və yaşamasından asılı olmayaraq, dövlətin diqqət və qayğısı ilə əhatə olunub”.

Bunu Trend-ə Milli Məclisin deputatı Könül Nurullayeva deyib.

Millət vəkili bildirib ki, hazırda dünyanın bütün dövlətləri pandemiya və onun təzahürləri ilə daha effektiv mübarizə üsulları tapmaqdadır. Epidemiya ilə mübarizənin ən təsirli yollarından biri kimi izolyasiya tədbirləri göstərilir:

“Xəstəliyin yayıldığı və qlobal problemə çevrildiyi vaxtlarda Azərbaycan qonşu ölkələrlə sərhədlərini bağladı. Sərhəd-keçid məntəqələrində həyata keçirilən önləyici tədbirlərin nəticəsi olaraq, ölkəmiz epidemiya təhlükəsindən minimum itkilərlə çıxmağı bacaracaq. Eyni zamanda, cənab Prezident İlham Əliyevin məsələni şəxsən nəzarətinə götürməsi nəticəsində epidemiya ilə mübarizə ölkənin bir nömrəli işinə çevrilib. İstər xəstəliyin aradan qaldırılması məqsədilə tibbi ləvazimatların alınması, yeni tibbi maska istehsal edən müəssisənin qısa zamanda istifadəyə verilməsi, istərsə də karantin müddətində aztəminatlı vətəndaşlara müxtəlif maddi yardımların edilməsi Azərbaycanda epidemiya ilə mübarizənin yüksək səviyyədə təşkilindən xəbər verir. Bu baxımdan ölkəmizdə görülən tədbirləri yüksək qiymətləndirirəm”.

K.Nurullayeva qeyd edib ki, bu günə qədər Azərbaycanda koronavirusu müəyyən etmək üçün 60 mindən artıq test keçirilib:

“Bu da onun göstəricisidir ki, ölkəmizdə bu işlərə ciddi nəzarət var və həyata keçirilən tədbirlər sistematik xarakter daşıyır. İşlər elə qurulub ki, özündə hərarət, zökəm, öskürək və sair kimi respirator əlamətlər hiss edən hər kəs dərhal müvafiq testlərdən keçirilir. Həm də söhbət yalnız koronavirusdan getmir. Adi mövsümi qriplərdən əziyyət çəkirsinizsə və həkimə getməkdən ehtiyat edirsinizsə, evə çağırış edə bilərsiniz. Testin cavabları isə altı saat müddətinə hazır olur.

Digər tərəfdən, özündə xəstəlik əlamətləri hiss edən şəxslər evdən kənara çıxmadan Bakı daxili “103”, paytaxtdan kənarda isə “113” təcili tibbi yardım stansiyasına zəng etməklə yoxlanışdan keçə bilir. Təbii ki, bu tədbirlər yalnız alqışlanmalıdır”.

Deputat vurğulayıb ki, belə bir vəziyyətdə Azərbaycan xaricdə olan vətəndaşlarının da qayğısına qaldı: “Hər bir Azərbaycan vətəndaşı harada olmasından və yaşamasından asılı olmayaraq, dövlətin diqqət və qayğısı ilə əhatə olunub. Bu, koronavirus epidemiyası günlərində bir daha təsdiqləndi. Belə ki, xaricdə olan Azərbaycan vətəndaşlarının, ilk növbədə, azyaşlı uşaqları olan ailələr, yaşlılar, tibbi yardıma ehtiyacı olan şəxslər və qadınlara üstünlük verməklə, müəyyən olunmuş qrafik çərçivəsində və karantin rejiminə yerləşdirilməklə Azərbaycana gətirilməsi həyata keçirildi. Bu məqsədlə xüsusi çarter reysləri vasitəsilə minlərlə Azərbaycan vətəndaşının müxtəlif ölkələrdən vətənə gətirilməsi təmin edilib. Düşünürəm ki, bu baxımdan da Azərbaycan dövləti üzərinə düşən vəzifə və öhdəlikləri layiqincə yerinə yetirib”.

K.Nurullayeva həmçinin bildirib ki, koronavirusla mübarizədə karantin rejimi olduqca mühüm tədbirlərdən biridir: “Vətəndaşlarımızı bir daha karantin rejiminin tələblərinə riayət etməyə və bununla da, ölkəmizdə koronavirusla mübarizəyə öz töhfələrini verməyə çağırıram. Ümidvaram ki, görülən tədbirlər nəticəsində yaxın günlərdə infeksiyaya yoluxma hallarında azalmaya şahidlik edəcəyik. Hər halda, mən müsbət nəticələrin uzaqda olmadığına inanıram”.

Deputat Prezident İlham Əliyevin 9 aprel 2020-ci il tarixdə koronavirus epidemiyası ilə bağlı əlavə tədbir kimi vəsait ayırmasını da xatırladıb:

“Koronavirus pandemiyasının yayılmasının qarşısının alınması və onunla mübarizənin gücləndirilməsi məqsədilə zəruri tibbi avadanlığın və digər tibbi vasitələrin tədarükü üçün Azərbaycanın 2020-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinə 97 (doxsan yeddi) milyon manat ayrılıb. Bu isə bizə koronavirus epidemiyasına qarşı mübarizənin təşkilinin daha da yaxşılaşdırılması imkanlarını qazandırmış oldu.

Eyni zamanda, modul tipli yeni altı xəstəxananın qurulması və tibb müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi tədbirləri gələcəyə böyük ümidlərlə baxmağımızı təmin edir. Tezliklə çətin günlərin arxada qalacağına və Azərbaycan dövlətinin bu sınaqdan alnıaçıq, üzüağ çıxacağına əminəm”.






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930