Umayra Tağıyeva: "Son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb"
“Aparılan müqayisəli təhlillər göstərir ki, ilin isti dövründə ölkə ərazisində havanın temperaturunun artması baş verib. İlin ən soyuq aylarında Naxçıvan istisna olmaqla, digər ərazilərdə temperaturun yüksəlməsi qeydə alınıb".
BizimLider.com xəbər verir ki, bunu Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin direktoru Umayra Tağıyeva İqlim dəyişmələri şəraitində Xəzər dənizinin səviyyə tərəddüdləri, proqnoz və uyğunlaşma tədbirləri” mövzusunda keçirilən beynəlxalq konfransındakı çıxışı zamanı deyib.
O qeyd edib ki, temperaturu 0 dərəcədən aşağı olan ərazilərin sahəsi əksər zonalarda azalır: "Son 10 ildə əsas dağ çaylarımız formalaşan ərazilərdə yağıntının miqdarı orta hesabla 8.7 faiz azalıb. Ümumilikdə son 30 il ərzində yağıntıların miqdarı 10 faiz azalıb. Böyük və Kiçik Qafqaz dağlarında şaxtalı və qarlı günlərin xeyli azalması tendensiyası müşahidə edilir. Bu da çayları qidalandıran qar ehtiyatlarının azalmasının göstəricisidir".
Umayra Tağıyeva havanın maksimum temperaturlarının 35 dərəcədən yuxarı günlərin sayının artdığını da qeyd edib: "Həmçinin sürəti 25 m/s yuxarı küləkli günlərin də sayı artıb".
Direktor daşqınların dinamikasında da artım müşahidə olunduğunu vurğulayıb: "Dənizdəki dalğaların maksimum hündürlüyü də nisbətən artıb. Suyun temperaturu isə son 15 ildə 1.2 dərəcə artıb".