Elxan Usubov qazi və veteranlarla görüşüb
Dünən “Yuxarı Karvansaray” mehmanxana kompleksində Şəki Şəhər İcra Hakimiyyəti başçısı Elxan Usubov tərəfindən Vətən Müharibəsi qaziləri və veteranları ilə görüş keçirilib.
Elxan Usubov çıxış edərək 44 günlük Vətən müharibəsində Azərbaycan Ordusunun Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında böyük uğura imza atdığını, işğal altında olan torpaqlarımızın yağı düşməndən azad edildiyini diqqətə çatdırıb, Qələbənin şəhidlərimizin canı, qazilərimizin qanı bahasına qazanıldığını söyləyib. İcra başçısı müharibə əlillərinin və şəhid ailələrinin sosial müdafiəsinin və onların rifahının yaxşılaşdırılmasının dövlət siyasətinin prioritet istiqamətlərindən olduğunu, Şəkidə də şəhid ailələrinin, müharibə veteranlarının, qazilərin daim diqqət və qayğı ilə əhatə olunduğunu, onların qaldırdıqları məsələlərin həllinə həssaslıqla yanaşıldığını bildirib.
Görüşdə çıxış edən Qarabağ Müharibəsi Əlilləri, Veteranları və Şəhid Ailələri” İctimai Birliyinin Şəki filialının sədri Məmmədnuru Əzizov şəhid ailələrinə, müharibə əlillərinə göstərilən dövlət qayğısından, onların sosial müdafiəsinin təmin olunması istiqamətində görülən işlərdən danışıb, Şəki şəhərində bu kateqoriyadan olan insanlara səmimi və qayğıkeş münasibət bəsləndiyini bildirib.
Görüşdə qaldırılan bir sıra məsələlərə aydınlıq gətirilib, bəzi məsələlərin həlli ilə bağlı tapşırıqlar verilib, bu cür görüşlərin keçirilməsinin müharibə veteranlarının, qazilərin problemlərinin operativ həlli baxımından vacib olduğu qeyd olunub və mütəmadi təşkil olunması qərara alınıb.