Xeyriyyəçilik missiyası, humanizm zirvəsi...
Bu il Heydər Əliyev Fondunun yaranmasının 15 illiyidir. Ulu öndər Heydər Əliyevin zəngin mənəvi irsini yaşatmaq, ölkəmiz üçün azərbaycançılıq fəlsəfəsinin vacibliyini vurğulamaq və yeni nəsillərdə milli dövlətçilik ideyasını aşılamaq üçün təsis edilən, fəaliyyətinin 15-ci ildönümünü qeyd edən Heydər Əliyev Fondu təhsil, səhiyyə, mədəniyyət, idman, texnologiya, ətraf mühit, ictimai və bir çox başqa sahələrdə müxtəlif layihələr həyata keçirməklə yeni cəmiyyətin qurulması, ölkənin sosial və iqtisadi inkişafı prosesində fəal iştirak edir. Heydər Əliyev Fondu dinlərarası dialoq və multikulturalizmlə bağlı ideyaların yayılması baxımından da əhəmiyyətli işlər görür. Təşkilat sosial sferaya aid aktual məsələləri - qaçqın və məcburi köçkünlərin, uşaq evlərinin, internat məktəblərin, müxtəlif ağır xəstəliklərdən əziyyət çəkən insanların problemlərini daim diqqətə saxlayır.
“Diabetli uşaqlara ən yüksək qayğı”, “Talassemiyasız həyat”, “Yeniləşən Azərbaycana yeni məktəblər”, “Uşaq evi və internat məktəblərinin inkişafı” proqramları nəticəsində minlərlə insana yardım göstərilib, kimsəsiz uşaqlara qayğı artırılıb, mühüm sosial problemlər həllini tapıb.
Məhz bu fəaliyyətlərinə görə Heydər Əliyev Fondu Azərbaycanda böyük hörmətə malik olan və ölkənin ictimai həyatında mühüm rol oynayan bir qurumdur.
Bu işlərin təşəbbüskarı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva daha çox gələcəyə hesablanmış addımlar atır və onun diqqət yetirdiyi sahələr cəmiyyətin olduqca həssas qütbləridir. Bu qütblərin mərkəzində isə milli genefondumuzun inkişafı və xalqımızın minilliklərdən keçirib bu günə çatdırdığı mədəni-etnoqrafik ənənələr dayanır. Ötən on beş il ərzində Heydər Əliyev Fondu öz addımları ilə bu həqiqəti təsdiq etmişdir...
Mehriban xanımın mükəmməl təşəbbüsləri sayəsində Heydər Əliyev Fondu öz fəaliyyətini müasir zamanın tələbinə cavab verən şəkildə quraraq, cəmiyyəti, insanları narahat edən problemləri aşkar etməyə, bu problemlərin həlli yolunda lazımi tədbirləri hazırlamağa, həyata keçirməyə və uğurlu nəticələri əldə etməyə nail olub.
Heydər Əliyev Fondu Azərbaycan xalqının kökü çox qədimlərə gedən sənət xəzinəsinə, ulu muğamatımıza, sözün əsl mənasında sahib çıxaraq, bu sahəyə də yaxından himayədarlıq edir. “Qarabağ xanəndələri” adlı albomun nəfis tərtibatda buraxılması, həmçinin, “Qarabağ” kitabının çap olunması Azərbaycanın, Qarabağın tarixi keçmişinin öyrənilməsinə və təbliğinə diqqətin dəyərli təzahürlərindən biri kimi diqqət çəkir. Digər bir layihə isə dahi Azərbaycan bəstəkarı Üzeyir Hacıbəylinin bütün əsərlərinin CD və DVD -də buraxılmasını əhatə edir. Heydər Əliyev Fondu Azərbaycanın musiqi mədəniyyətinin, xüsusilə muğamın təşviqində böyük rol oynayıb, Bakıda Muğam Mərkəzi inşa etdirib, bu janrın bir çox ölkələrdə təbliğinə və tanıdılmasına nail olub. Fond eyni zamanda, dünyanın müxtəlif ölkələrindən dəvət olunan tanınmış musiqiçilərin iştirakı ilə musiqi festivalları və gecələri təşkil edərək, Azərbaycan mədəniyyətinin çoxsaylı kütlə tərəfindən sevilməsinə əvəzsiz töhfələr verir. Yarandığı gündən bəri Heydər Əliyev Fondu dünya mədəniyyəti və sivilizasiyasında yüksək rol oynayıb, humanist dəyərlərin, sülh və tolerantlığın yayılmasına, mədəniyyətlərarası dialoqun inkişafına əvəzsiz töhfələr verib.
Mehriban xanım Əliyeva hər zaman Azərbaycan həqiqətlərini beynəlxalq tədbirlərdə ən yüksək tribunalardan xarici ölkə nümayəndələrinin diqqətinə çatdırıb. Mehriban Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu ilk növbədə milli maraqların keşiyində durur. 2016-cı ilin Aprel döyüşlərində hərbi rəşadət göstərmiş döyüşçülərin, respublikamızda həssas təbəqədən olan insanların, əlilliyi olan şəxslərin sosial müdafiəsinə, reabilitasiya və cəmiyyətə inteqrasiya məsələlərinə xüsusi diqqəti Mehriban xanımın necə insanpərvər və humanist olduğunun əyani sübutudur. O, ölkəmizin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən sağlamlığını itirmiş insanların sosial müdafiəsinin dövlət rəhbərliyi üçün Vətənimizin hərbi müdafiəsi qədər önəmli və vacib məsələ olduğunu göstərdiyi diqqət və qayğı ilə bir daha nümayiş etdirir, şəhid ailələrini daim diqqət mərkəzində saxlayır.
Heydər Əliyev Fondunun Azərbaycan mənəviyyatının və azərbaycanlı özəlliklərin dünyada tanıdılması üçün böyük xidmətləri olub. Tək Azərbaycan mədəni irsinin dünyada təbliği deyil, dünya mədəniyyətinin, incəsənətinin, dünyanın ali dəyərlərinin də ölkəmizdə tanıdılması baxımından Fond böyük işlərə imza atıb.
Mədəniyyətimizin mühüm elementləri, muğam, aşıq sənətləri, Qobustan kimi maddi-mədəni irsimiz, tarixi abidələrimiz, Novruz bayramının timsalında milli bayramlarımız Fond tərəfindən himayə edilir. Azərbaycan mədəni irsinin elə bir nailiyyəti yoxdur ki, Fond onu qoruyub, inkişafı üçün çalışmamış olsun. Bütün bu tədbirlərin ən ümdə məqsədi isə milli mədəniyyətimizin dünyada tanıdılmasıdır. Bu nailiyyətlərinə görə, Fondun prezidenti Mehriban xanım Əliyevaya sonsuz təşəkkür düşür. Heydər Əliyev Fondunun 15 ildə bu qədər böyük uğurlar əldə etməsinin arxasında Mehriban xanımın enerjili, intellektual, hər cəhətdən əsaslandırılmış fəaliyyəti dayanır. Bu işləri həyata keçirmək üçün xalqa, onun tarixinə, mədəniyyətinə böyük məhəbbətlə bağlı olmalısan. Xalqının tarixini, mədəniyyətinin köklərini yüksək səviyyədə bilən adamlar onu dünyaya çatdırmaq üçün diplomatik istedada malik olmalıdırlar. Bütün bu keyfiyyətlər Mehriban xanımda cəmləşib və o, peşəkarlıqla işin öhdəsindən gəlir.
Heydər Əliyev Fondunun fəaliyyətə sayəsində Azərbaycanda böyük ənənələri və tarixi olan xeyrəçilik məktəbi yenidən dirçəldi və yaşadıldı. Fond irimiqyaslı, möhtəşəm layihələri ilə Azərbaycanın dünya miqyasında multikultural, tolerant ölkəyə çevrilməsinə də güclü dəstək olub. Fondun xeyriyyəçilik ənənələri təkcə Azərbaycan sərhədləri ilə məhdudlaşmır, dünyanın bir çox ölkələrini də əhatə edir. Buna onlarla misal çəkmək olar. Fond İtaliya və Müqəddəs Taxt-Tacda İslam və Katolik mədəniyyətləri arasında əməkdaşlıq üçün çox işlər görüb. Fond tərəfindən Vatikan Apostol Kitabxanasında, Müqəddəs Marçellino və Pyetro və Müqəddəs Sebastian katakombalarında aparılmış bərpa işləri Avropada danışılan peojelər sırasına daxildir. Romanın Villa Borghese parkında Nizami Gəncəvinin heykəlinin ucaldılması, Romanın Kapitolini muzeyinin Folosoflar zalının bərpası kimi önəmli layihələr də xüsusi olaraq vurğulanmalıdır Bosniya və Herseqovinanın Kotor Varoş şəhərində Heydər Əliyev Fondunun dəstəyi ilə inşa olunan Təcili Tibbi Yardım Mərkəzinin yeni binasının açılışı bölgə insanlarının həmişə xatırlayacağı hadisə kimi qeyd edilməlidir.
Fond Azərbaycan ilə Fransa arasında mədəniyyət sahəsində əlaqələrin inkişafını daim diqqət mərkəzində saxlayıb. Mehriban Əliyevanın rəhbərliyi altında Heydər Əliyev Fondunun bu istiqamətdə həyata keçirdiyi çoxşaxəli fəaliyyət proqramı nəticəsində dünya mədəni irsinin Fransadakı ən gözəl nümunələri bərpa olunub. Buna misal olaraq Parisdə Versal sarayının parkındakı ümumbəşəri abidələrin, Strasburqda XV əsrə aid katedralın beş vitrininin bərpasını, Luvr muzeyində İslam İncəsənəti Departamentinin yaradılmasını göstərmək olar. Bununla da həmin abidələr məhz Azərbaycanın səyləri nəticəsində yenidən dünya mədəni xəzinəsinə daxil olub. Ona görə də ölkəmizin, xüsusilə də Heydər Əliyev Fondunun fəaliyyəti xaricdə, həmçinin Fransada hər zaman rəğbətlə qarşılanıb. Həmçinin, İkinci Dünya Müharibəsi nəticəsində dağıdılmış Berlin qəsrinin, Vatikan arxivində saxlanılan nadir əlyazmaların və orada yerləşən qədim heykəllərin bərpası Fondun ən mühüm nailiyyətlərindən biri hesab edilir.
Bütün bunlarla yanaşı, dünyanın müxtəlif ölkələrində baş verən böhran və təbii fəlakətlərin qurbanları da Mehriban xanımın diqqətindən kənarda qalmayıb. Onlara yardım əlini uzadan Azərbaycanın birinci xanımının təşəbbüsü və səyləri nəticəsində təbii fəlakətlərdən əziyyət çəkmiş Rumıniya və Haitiyə yardımlar göstərilib, Pakistanda zəlzələ nəticəsində tamamilə dağılmış qızlar məktəbi yenidən inşa edilib, bu ölkədə çoxsaylı inkişaf proqram və layihələri həyata keçirilib.
İctimai, mesenatlıq və xeyriyyəçilik əməlləri, xalqlar arasında dostluğun möhkəmlənməsi, müxtəlif sahələrdə genişmiqyaslı və fədakar fəaliyyət, qayğıya ehtiyacı olan insanlara diqqət Mehriban Əliyevanın və onun rəhbərlik etdiyi Heydər Əliyev Fondunun başlıca humanizm prinsipləridir. Bu yolda hələ çox uğurlu nailiyyətlərə imza atılacaq...
Bakı şəhəri, 27 nömrəli tam orta məktəbin
tarix müəllimi, “Zirvə” medalı,
“Peşəkar müəllim” media mükafatçısı