bizimlider.com
http://bizimlider.com
http://bizimlider.com

Ən şərəfli peşənin sahibləri

2-10-2024, 11:15 100 dəfə baxılıb




Müəllimlik dünyada ən çətin, eyni zamanda ən şərəfli və ən ğözəl peşədir.

Bu gözəl və şərəfli işin dəyərini bilən əcdadlarımız həmişə müəllimə hörmətlə yanaşmışlar. Müəllimlər şagirdlərin dərin və hər tərəfli bilik almaları, yaşadıqları dövrün problemlərindən baş çıxarmaları üçün bütün bilik və bacarıqlarını sərf edirlər.

Valideynlə bərabər, bəlkə də, ondan daha çox, uşağın hər cür şıltaqlığına, əziyyətinə dözmək, kədəri ilə kədərlənib, sevinci ilə sevinmək müəllimlərin üzərinə düşən ağır yükdür.

Müəllim əməyinin nəticəsində cəmiyyət formalaşır, savadlı, bilikli, geniş dünyagörüşlü, nümunəvi əxlaqa malik insanlar yetişir. Bu insanlar isə cəmiyyəti daha da inkişaf etdirir. Hazırda dövlətimizin müstəqilliyinin möhkəmlənməsində fəal iştirak edən insanlar məhz müəllim əməyinin yetirmələridir.

Müəllimlər yeni cəmiyyət quruculuğunun memarlarıdır. Hər birimizin layiqli vətəndaş kimi yetişməyində müəllimlərimizin əvəzsiz xidmətləri olmuşdur.

Ümummilli liderimiz Heydər Əliyev həmişə müəllim əməyini yüksək qiymətləndirmiş, müəllim haqqında xoş sözlər söyləmişdir. O, öz müəllimlərini minnətdarlıqla xatırlayar, onların xidmətləri haqqında ürəkdolusu danışardı. Heydər Əliyev ölkəmizə rəhbərlik etdiyi bütün dövrlərdə həmişə müəllimə hörmət və ehtiramla yanaşmış, onların maddi vəziyyətinin, rifah halının yaxşılaşdırılması qayğısına qalmışdır. O, deyirdi: "Hər birimizdə müəllimin hərarətli qəlbinin bir zərrəciyi vardır. Məhz müəllim doğma yurdumuzu sevməyi, hamının rifahı namınə vicdanla işləməyi müdrikliklə və səbirlə bizə öyrətmiş və öyrədir".

Bu gün məktəblərimizdə bu qiymətə layiq olan, öz sənətini ürəkdən sevən, yüksək peşəkarlığı ilə fərqlənən, cəmiyyətin onların qarşısında qoyduğu vəzifəni - hərtərəfli biliyə, onları tətbiq edə bilmək qabiliyyətinə, yüksək əxlaqi keyfiyyətlərə malik nəsil tərbiyələndirmək vəzifəsini şərəflə yerinə yetirən müəllimlər çoxdur.

Həyatının hər anı xalqının taleyinə bağlı olan, millətini uca tutmağı bacaran, Vətənini canından artıq sevən dahi insanlar haqqında heç vaxt keçmiş zamanda danışılmır. Adının çəkildiyi anda göz önündə ömür yolu, fəaliyyəti canlanır. Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev də məhz xalqımızın böyük mənəvi dəyərinə, ümid və and yerinə çevrilən əbədiyaşarlıq qazanmış parlaq şəxsiyyətidir. Bu gün biz gündəlik həyat və fəaliyyətimizin hər addımında dahi insanı xatırlamaqla yanaşı, eyni zamanda onun nəcib və uzaqgörən əməllərinin uğurlu nəticələrinin şahidləriyik.

Heydər Əliyev Azərbaycan təhsilinin, elminin inkişafına xüsusi önəm verir, bu sahədə atılan hər bir addıma xüsusi həssaslıqla yanaşırdı. Məhz Heydər Əliyevin rəhbərliyi dövründə Azərbaycanın ümumi təhsil müəssisələrinin infrastrukturunun yenilənməsi, yeni məktəb binalarının tikilərək istifadəyə verilməsi ilə bağlı həyata keçirilən davamlı işlərin hazırda da bu istiqamətdə atılan addımların başlanğıcı, həmin illərdə qoyulan ənənənin davamıdır desək, bizcə yanılmarıq.

Heydər Əliyev Azərbaycan məktəbinə yüksək dəyər verirdi, Azərbaycan müəllimlərini çox sevirdi. Təhsili millətin gələcəyi kimi dəyərləndirən Ulu Öndər müəllimə olan hörmətini, etimadını “Mən dünyada müəllimdən yüksək ad tanımıram”-deməklə, göstərirdi.

Bir faktı da diqqətinizə çatdırım ki, təxminən bir əsr əvvəl ölkəmizdə məktub oxumaq üçün bütöv bir kənddə savadlı insan tapılmırdı, indi yazıb-oxumağı bacarmayan şəxs yoxdur. Hamı bilməlidir və yaddan çıxarmamalıdır ki, xalqımızı bu səviyyəyə çatdıranlar müəllimlər olmuşdur və biz hər zaman fədakar əməklərinə görə onlara borcluyuq.

Heç vaxt unutmamalıyıq ki, bu gün dünyanın nüfuzlu universitetlərində müvəffəqiyyətlə təhsilini davam etdirən minlərlə azərbaycanlı tələbə, dünyanın aparıcı şirkətlərində yüksək peşəkarlıqla fəaliyyət göstərən mütəxəssislər, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində torpaqlarımızı azad edənlər də Azərbaycan müəlliminin yetirmələridirlər.

Bir çox sənət və peşə sahiblərindən fərqli olaraq müəllimlərin peşə bayramlarının dunya miqyasında qeyd olunması müəllimlik sənətinin başqa peşə və sənətlərdən yüksəkdə durduğunu, müəllimlərin bütün millət və xalqlar arasında böyük hörmətə və nüfuza malik olduqlarını sübut edir. 5 Oktyabr - Peşə bayramı münasibəti ilə Azərbaycan təhsilinin inkişafında əvəzsiz xidmətləri olan bütün müəllimləri təbrik edirəm. Hər daim var olasınız Əziz və dəyərli müəllimlər!



AFƏT OQTAY QIZI MƏMMƏDOVA
Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin dekanı, Əməkdar müəllim, Professor






Mətndə səhv var? Onu siçanla seçin və Ctrl+Enter düyməsini basın.
Teqlər:
ŞƏRH YAZ
OXŞAR XƏBƏRLƏR
XƏBƏR LENTİ
BÜTÜN XƏBƏRLƏR
SƏHİYYƏ
İDMAN
ŞOU-BİZNES
DÜNYA
«    Kasım 2024    »
PtSaÇrPrCuCtPz
 123
45678910
11121314151617
18192021222324
252627282930