Sosial şəbəkələrdə tanış olduğu şəxsdən onlayn yolla 26 min manata aldığı heroini satmaq istəyən şəxs saxlanılıb
Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən növbəti əməliyyat zamanı Cəlilabad rayonundan paytaxt ərazisinə satmaq məqsədilə külli miqdarda narkotik vasitə gətirən şəxs saxlanılıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən BizimLider.com-a bildiriblər ki, əməliyyat nəticəsində əvvəllər məhkum olunmuş Vüqar Bayramov tutularaq polis idarəsinə gətirilib.
Onun əlindəki idman çantasına baxış zamanı 2 ədəd bağlamada qablaşdırılan ümumi çəkisi 4 kiloqram olan narkotik vasitə heroin aşkar edilib.
Həmin şəxs heroini 26 min manata sosial şəbəkədə tanış olduğu xaricdə yaşayan narkotacirlərin birindən onlayn yolla aldığını və satmaq məqsədilə paytaxta gətirdiyini bildirib. Faktla bağlı Vüqar Bayramov barəsində toplanan materiallar Nəsimi Rayon Polis İdarəsinin İstintaq Şöbəsinə göndərilib.
Onun barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Vüqar Bayramovun daxil olduğu narkoşəbəkənin digər üzvlərinin saxlanılması istiqamətində əməliyyat tədbirləri davam etdirilir.