Deputat: Prezidentin müdrik siyasəti nəticəsində Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu
Məhz Prezident İlham Əliyevin uzaqgörən, müdrik siyasəti nəticəsində biz 30 illik həsrətə son qoya bildik.
Bunu APA-ya açıqlamasında Milli Məclisin deputatı Müşfiq Cəfərov bildirib.
Deputat deyib ki, regionda marağı olan bır sıra dövlətləri və beynəlxalq təzyiqləri nəzərə alsaq, bütün bunların öhdəsindən ancaq güclü bir lider gələ bilərdi: “44 günlük müharibədən sonra da Prezident İlham Əliyev peşəkarlıqla uzaqgörən siyasətini davam etdirdi və bu gün Qarabağda dövlətimizin suverenliyi tam bərpa olundu”.
Müşfiq Cəfərov qeyd edib ki, rəsmi Bakı ötən 3 ildə səbir və təmkin nümayiş etdirdi, lakin ardıcıl diversiya və terror siyasətinin davamına əsla yol verilə bilməz idi: “Son zamanlar isə Qarabağda olan Ermənistan silahlı qüvvələrinin birləşmələri və qeyri-qanuni erməni silahlı dəstələri aktivləşib, Azərbaycan hərbçilərinə, hətta sivil insanlara qarşı terror aktı həyata keçirirdi. Bir sutkadan daha az bir zaman kəsiyində Ermənistan silahlı qüvvələrinin birləşmələrinin və qeyri-qanuni erməni silahlı dəstələrinin ağ bayraq qaldırıb silahı yerə qoymaları, döyüş mövqelərindən və hərbi postlardan çıxaraq tam şəkildə tərk-silah olunmaları dövlətimizin yeni qələbəsidir. Beləliklə, 23 saatlıq antiterror tədbiri nəticəsində Qarabağda erməni silahlı qüvvələri tərəfindən gözlənilən genişmiqyaslı təxribatların qarşısı alındı. Ermənistan silahlı qüvvələrinin birləşmələrinin tərk-silah edilərək ərazilərimizdən çıxarılması, onların hərbi infrastrukturunun zərərsizləşdirilməsi həyata keçirilir. Dinc əhali, o cümlədən ərazidə aparılan bərpa-quruculuq işlərinə cəlb olunmuş mülki işçilər və hərbi qulluqçularımızın təhlükəsizliyi təmin olundu. Bir sözlə, separatçıların mövcud olduğu boz zonada Azərbaycanın konstitusion quruluşunu bərpa etmək üçün tədbirlərə start verildi”.