HEYDƏR ƏLİYEVİN SİYASİ KURSU MÜSTƏQİL AZƏRBAYCANIN DÖVLƏTÇİLİK İDEOLOGİYASIDIR
Müstəqil müasir Azərbaycanın qurucusu və banisi olan Heydər Əliyevin siyasi kursunun inkişafı sayəsində təşəkkül tapan milli dövlətçilik ideologiyası öz obyektiv amilləri və qanunauyğunluqları ilə şərtlənmiş və həyati, elmi, siyasi, fəlsəfi məzmunu ilə sosial mühitdə üzə çıxan çoxsaylı obyektiv hadisələrin təsiri nəticəsində səciyyələnmişdir.
Məhz elmi-nəzəri, fəlsəfi yöndən nəzər yetirsək, ulu öndər Heydər Əliyevin rəhbərlik etdiyi bütün siyasi proseslərin strukturuna daxil olan subyektlər, yəni real hakimiyyət və ya onun daşıyıcıları prosesin əsas məqsədi kimi məhz Heydər Əliyev tərəfindən yaradılan və əldə edilən obyektlərə, dövlətçilik ideologiyasının fəal proseslərinə, onun vasitələrinə, metodlarına, resurslarına, icraçılarına aiddir. Bunlar siyasi proseslərin ideoloji və maddi-mənəvi tərəfləri və onun əsas fəal resursları kimi çıxış edir. Siyasi prosesin ideal və maddi-mənəvi tərəflərinə isə siyasi elm, intellektual bilik, dövlətçilik ideologiyası, habelə müasir texniki və maliyyə vasitələri, kütlələrin əhvali-ruhiyyəsi, prosesin iştirakçıları və onların arzu və məqsədləri, ictimai əhatə dairəsinin vəziyyəti və digər amillər daxildir. Bütün bunların fonunda həmin siyasətin daxili və xarici tərəflərinin harmoniyasını ustalıqla və böyük uzaqgörənliklə təşkil edən unudulmaz dövlət xadimi Heydər Əliyev Azərbaycanın güclü və suveren milli dövlət kimi qurulub yaradılmasında öz konsepsiyasını, yəni yeni diplomatiya məktəbini, yetkin və yenilməz siyasi-ideoloji, sosial-siyasi-mədəni və iqtisadi mexanizmini işləyib yaratdı. Məlumdur ki, sadaladığım proseslər heç nədən təşəkkül tapmır, o özünə aid olan ideyalar, nəzəriyyə və konsepsiyalar əsasında yaradılır, təşkil edilir. Nəzəriyyə və ya konsepsiyaların işlənib hazırlanması isə özündə siyasi məqsədlərin seçilməsini, ideallaşdırılmasını bariz şəkildə əks etdirir. Heydər Əliyevin rəhbərlik etdiyi dövrdə Azərbaycan siyasətində siyasi prosesə aid məqsədlər elə formalaşdırılır ki, mövcud prosesin ideya və konsepsiyalarına bütünlüklə və tam dolğun məzmunu, siyasi yetkinliyi ilə cavab verir. Əlbəttə, ideal məqsəd siyasətin meyarı kimi səciyyələnirsə, konkret məqsədlərin real surətdə həyata keçirilə bilməsi ilə fərqlənir.
Böyük düha və intellekt sahibi olan Heydər Əliyevin yetişdirdiyi Azərbaycan siyasi elitası milli dövlətçilik ideologiyasının bütün ideyalarına sadiq qalaraq, yerinə yetirdiyi funksiyalar məhz elə onun ərsəyə gətirdiyi siyasi elitanın funksiyalarına əsaslanır və müəyyənləşir. Azərbaycan siyasi elitasının Heydər Əliyevin rəhbərliyi altında yerinə yetirdiyi çoxsaylı funksiyalar sırasında strateji funksiya başlıca yer tutur. Bu funksiyanın məzmunu cəmiyyətin inkişaf strategiyasının və taktikasının işlənib hazırlanmasında, siyasi fəaliyyət proqramının müəyyənləşdirilməsində ifadə olunur. Heydər Əliyev kursunun dövlətçilik ideologiyasında özünə möhkəm yer tutan digər strateji funksiya yeni ideyaların əsaslandırılmasında, ictimai inkişafın strateji istiqamətinin müəyyənləşdirilməsində, vaxtı çatmış islahatlar konsepsiyasının işlənib hazırlanmasında ehtiva edir. Bu funksiyanın işlənib hazırlanması və yerinə yetirilməsi üçün siyasi elitanın yüksək səriştəlilik, qabiliyyət və peşəkarlığı məhz milli, bəşəri dəyərlərin təşəkkülü və vəhdətində özünü göstərirdi. "Biz Azərbaycanın dövlət dilini, mədəniyyətini, milli-mənəvi dəyərlərini, adət-ənənələrini yaşatmalıyıq", - deyən ulu öndər Heydər Əliyev öz zəngin dövlətçilik təcrübəsinə, siyasi uzaqgörənliyinə əsaslanaraq strateji funksiyanın uğurla reallaşmasını, siyasi elitanın keyfiyyətli kadr tərkibi ilə müəyyən olunmasını, cəmiyyətdə qərarlaşan ictimai rəydə və qəbul edilən siyasi qərarda əks etdirilməsində görürdü.
Ümumiyyətlə, siyasi mənafeyin təşəkkülü insanın ictimai cəhətdən faydalı fəaliyyətə tələbatından doğur. Mahir strateq olan Heydər Əliyevin siyasi irsinin tərkib hissəsinin biri kimi xarakterizə olunun siyasi mənafeyin intellektualizmini və strateji təfəkkürünü bir daha öyrənərkən ümummilli liderimizin dövlətçilik kursunu inkişaf edən cəmiyyətdə tətbiq etdiyi müasir modellərin konseptual yanaşmalarından aydın görünür ki, Heydər Əliyevin müasir, yeni Azərbaycan Respublikası ilə bağlı siyasi mənafeyi ölkəmizin gələcək tərəqqisi üçün uzunmüddətli perspektivlə birbaşa bağlı olmuşdur. Təsadüfi deyil ki, tədqiqatçılar tam haqlı olaraq Heydər Əliyevin dövlətçilik sahəsindəki siyasi mənafeyini daim fəaliyyətdə olan başlıca və ümumi dövlətçilik mənafeyi kimi yüksək dəyərləndirirlər.
Azərbaycan tarixinin 44 günlük şanlı Zəfər salnaməsinin yaradıcısı və müzəffər qəhrəmanı olan ölkə Prezidenti cənab İlham Əliyevin ulu öndərin siyasi-ideoloji, dövlətçilik mənafeyini uğurla davam etdirməsi bir daha bütün dünyaya göstərir ki, Heydər Əliyevin uzaqgörən siyasəti yaşayır, yaşadır və ölkəmizi parlaq, aydın gələcəyə inamla aparır.
Balaşov Qulaməli Qurbanəli oğlu
ADPU-nun “Riyaziyyatın ibtidai kursunun tədrisi texnologiyası”
kafedrasının dosenti, riyaziyyat elmləri üzrə fəlsəfə doktoru,
“Qabaqcıl təhsil işçisi”, YAP-ın üzvü