Paşinyan bəyan etdi: Hər şeyə hazırıq - Azərbaycanın Qərb rayonları Naxçıvanla, Qazax Tavuşla...
Ermənistan regionda kommunikasiyaların açılması üçün təsirli və konkret addımlar atmağa hazırdır.
Publika.az xəbər verir ki, bunu Baş nazir Nikol Paşinyan dənizə çıxışı olmayan inkişaf etməkdə olan ölkələrin nazirlərinin görüşündə deyib.
“30 ildən artıqdır ki, Ermənistanın Türkiyə və Azərbaycanla sərhədləri bağlıdır və bu gün biz çox danışırıq və regionda nəqliyyat kommunikasiyalarının açılması imkanlarını müzakirə edirik”, - Paşinyan bildirib.
Onun sözlərinə görə, İrəvanın nəqliyyat kommunikasiyalarının açılmasına yanaşmaları “Dünyanın kəsişməsi” konsepsiyasında öz əksini tapıb. Baş nazir əmindir ki, bu təşəbbüsün həyata keçirilməsi region ölkələrinə daha çox imkanlar yaradacaq, həm də Ermənistanın dənizə çıxışını təmin edəcək.
Paşinyan vurğulayıb ki, Ermənistan Azərbaycanla nəinki keçmişdə mövcud olan dəmir yolu rabitəsini bərpa etməyə, həm də yenilərini tikməyə hazırdır. Xüsusilə, şimal istiqamətində Qazaxı Ermənistanın Tavuş rayonu ilə birləşdirəcək yoldan, cənub istiqamətində isə başqa şeylərlə yanaşı, Azərbaycanın Qərb rayonlarını Naxçıvanla birləşdirəcək qoldan danışırıq. İrəvan hesab edir ki, bu rabitəni şimal istiqaməti ilə təmin etmək olar.
Baş nazir şimal, orta və cənub istiqamətlərindən keçə bilən avtomobil yollarından istifadəyə də işarə edib. Bununla da Ermənistan Şimalla Cənub, Şərqlə Qərb arasında bir halqaya çevrilə bilər.
“Biz Türkiyə ilə dəmir yolları və avtomobil yollarının açılmasına eyni hazırlığı nümayiş etdiririk”, - Paşinyan bildirib.
Onun fikrincə, blokun açılması təkcə regiona əhəmiyyətli təsir göstərməyəcək, iqtisadi əlaqələri gücləndirəcək və qlobal təhlükəsizlik məsələlərini həll edəcək.