Azərbaycan Qərbi Zəngəzura “xüsusi qrup” göndərib? - Ermənistanda təşviş
Ermənistan mediasında Azərbaycanın Qərbi Zəngəzur bölgəsinə ekoloji qrup göndərdiyinə dair iddialar irəli sürülür.
Publika.az xəbər verir ki, bu iddia Çexiyanın “Arnica” təşkilatı ilə bağlıdır. Erməni mediası bu təşkilatı Azərbaycana işləməkdə ittiham edir və onların rəsmi Bakı tərəfindən göndərildiyini iddia edir.
“Hraparak” nəşri yazır ki, “Arnica” təşkilatı Ermənistanda “Ecolur” QHT-si ilə əməkdaşlıq edir. Dekabrın 14-də keçirilən konfransda “Arnica” “Ermənistanın dörd mədən icmasında ağır metalların yayılmasının biomonitorinqi və xəritələşdirilməsi” hesabatı təqdim olunub.
“Belə görünür ki, təşkilat son iki ildə Ermənistanda məlumatlar toplayıb, ərazilərin xəritələrini çıxarıb. Bütün bu fəaliyyətini Azərbaycanla sərhəd ərazisində, Ermənistan üçün strateji olan bölgələrdə edib. Təşkilat əsasən Metsamor AES-in, Zəngəzur və Agarək mis-molibden kombinatlarının, eləcə də Qafandakı metalların zənginləşdirilməsi kombinatlarının bağlanmasını tələb edir. “Arnica”nın Ermənistanda əməkdaşlıq etdiyi təşkilatlar “Ecolur” və “İcmalara inteqrasiya və dəstək” QHT-ləridir. “Ecolur”un rəhbəri İnqa Zarafyan Azərbaycan mediasına müsahibə verərək, bölgədə erməni şirkətlərin ekosistemi məhv etdiyini bildiriblər”, - nəşr yazır və iddia edir ki, bütün bunlar – “Arnica”nın Ermənistanda fəaliyyəti Azərbaycan kəşfiyyatının işidir.
44 günlük müharibədən sonra Ermənistanda Azərbaycan kəşfiyyatı ilə bağlı belə iddialar zaman-zama gündəmə gəlir. Bu da belə iddiaların davamıdır. Ermənistanın bölgənin ekosistemini məhv etməsi faktı bütün dünyada ictimailəşib. 20 ildən artıq fəaliyyət göstərən Çexiyanın “Arnica” təşkilatı da öz missiyasına uyğun olaraq, ekoloji fəalkət riskinə qarşı mübarizə aparır.