Qələbə sevinci, şəhid kədəri…
Böyük sevinclə böyük kədəri birgə yaşadığımız bir dövrdür. Torpaqlarımızı mənfur düşmən ermənilərdən aldıq, amma şəhidlərimiz çoxdur.
Qəlbimiz buna necə dözür bilmirəm. Amma həyata, taleyə şükür etmək olmur.
Qurbansız qələbə qazanmağın mümkünsüzlüyü ilə razılaşmalıyıq.
Həyat bizə əvəzsiz heç nə vermir. Bu əvəz çox ağır oldu. Yüzlərlə cavan həyata əlvida dedi. Onların yaxınlarının acısı bir ömür boyu davam edəcək. Bu acı ilə yaşayanların yeganə təsəllisi onların doğma torpaq uğrunda şəhid olmalarıdır və onların doğma xalq tərəfindən unudulmayacağıdır.
Son vaxtlar etibarsız insanlardan çox danışılsa da bu o demək deyildir ki, onlar xeyirxah insanlarımızdan çoxdur.
Xeyr, şükürlər olsun ki, ürəyi geniş, qəlbi açıq, vətən və xalq sevgisi ilə yaşayan soydaşlarımız millətimizin əsasını təşkil edir.
İllər keçsə də bu belə davam edəcək, əks halda bu həyatın sonudur demək.
Gəlin, ümidimizi itirməyək. Şəhidlərimizin ruhu şad olsun deyə onların qan verdikləri torpağın hər qarışının cənnətə çevrilməyi üçün əlimizdən gələni əsirgəməyək. Bunun üçün dövlət orqanlarının tapşırıqlarına riayət etmək vacibdir.
Hər birimiz öz işimizdə dövlət başçısının qayğılarına cavab olaraq düzgünlüyümüzü qorumalı və ümumxalq borclu olan etibarlığımızı unutmamalıyıq.
Sevinclə kədəri birgə yaşamaq nə qədər çətin olsa da, bacarıqlarımızı qoruyub saxlamalı, öz halımızı qorumaqla yanaşı, xeyirxah işlərdən də çəkinməməliyik.
Aramızdakı etibarsız, xain insanlarla mübarizə aparmaqla yanaşı, ehtiyacı olanlara yardım edək. Bu yardım bir kəlmə xoş söz də ola bilər.
Qələbə sevinci və şəhid kədəri ilə yaşayan xalqımız ehtiyacdan uzaq, xoş münasibətlə həyat sürsün.
Sənubər