Əslində, Elgünü nə, necə öldürüb?
Elçin Aslangil yazır...
Sosial media artıq hər yerdə hər şeyə təsir göstərir. Evimizin içinə, hətta yuxularımıza qədər daxil olur.
Artıq reytinq məsələsini yalnız televiziya kanalları, seriallar və şou-proqramlarla düşünmür. İnsanlar da fərdi şəkildə sosial media fenomeninə çevrilmək üçün reytinqə yönəliblər.
Belə bir təcrübə mövcuddur: əgər gözümüzü qırpmadan elektrik lampasına baxsaq, saniyədə 12 kadr görə bilərik. Halbuki bir elektrik lampasında dövr edən elektrik cərəyanı bir saniyədə 50 görüntü yaradır. Bu səbəbdən, lampaya diqqətlə və göz qırpmadan baxdıqda sanki elektrik cərəyanının axışını görə bilirik - bu isə qarabasmaya bənzər bir görüntü yaradır.
Bəs 25-ci kadr nədir?
25-ci kadr insan şüurunun alt qatlarının qəbul edə bildiyi mesajdır, yəni şüuraltı informasiya.
Bu gün sosial media üzərindən insan şüurunda eksperimentlər aparan çoxsaylı laboratoriyalar fəaliyyət göstərir. Onlar bizim psixoloji durumumuzu, əsəblərimizi, reflekslərimizi öyrənirlər.
25-ci kadr vasitəsilə şüurumuzun dərinliklərinə mesajlar yerləşdirilərək, bizi idarə etmək üçün əlverişli psixoloji zəmin yaradılır. Bu kimi texnologiyalar istənilən xalqı idarə etmək üçün ideal vasitədir. Həmçinin bir çox qlobal brend bu texnikadan məhsul satışlarını artırmaq məqsədilə istifadə edir.
Təəssüf ki, ölkəmizdə bu kimi təsirlərin qarşısını ala biləcək, dövlət səviyyəsində strategiyalar hazırlayan psixoloji mərkəzlər mövcud deyil.
Bu gün ictimai nəqliyyatda əlində bıçaq olan 68 yaşlı qadın bizə şizofrenik kimi görünə bilər. Bəs bu davranışın altında yatan səbəblər nədir? Bir çox insan bu suala, sadəcə, "adamın şəxsi problemləri var" baxışı ilə yanaşır. Lakin mən belə düşünmürəm. Zənnimcə, bu tip gözlənilməz və aqressiv davranışların arxasında 25-ci kadr kimi manipulyativ texnologiyaların tətbiq edilməsi ehtimalı real görünür.
Dünən Türkiyədə bir ticarət mərkəzində buna bənzər hadisə yaşanıb: 15 yaşlı bir uşaq bıçaqla ətrafdakı insanlara hücum edib. Belə hadisələr nə birincidir, nə də sonuncu olacaq. Bu cür davranışlar zamanla daha da artacaq. O qədər artacaq ki, artıq bizim üçün adi hala çevriləcək və nəticədə cəmiyyət sosial həyatdan uzaqlaşacaq. Küçələr, ticarət mərkəzləri, ictimai ünsiyyət məkanları, təhsil ocaqları tədricən məhv olacaq. İnsanlar yalqızlaşacaq və zamanla uzunömürlü yaşamaq yox, şizofrenik bir xəyali dünya içində "qurtuluş" axtarmağa başlayacaqlar.
Fikrimcə, bəzi inkişaf etmiş ölkələrdə psixotrop maddələrin leqallaşdırılmasının əsas səbəbi də budur: insanlar yaşamağı yox, ölməyi öyrənməlidirlər və ölüm adiləşdirilməlidir.
Bəs nə etməliyik?
Şablonlaşmış ifadə tərzi olsa da, mən yenə də təhsil məsələsini ön plana çıxaracağam.
Çıxış yolu beş-altı yaşlı uşaqların çantalarını ağırlaşdırmaqla deyil, çıxış yolu bu uşaqların psixologiyasında dövlətin strategiyasını hədəfləyən mental dəyərlərə sadiq iş aparmaqdır. Gülə-gülə, sevə-sevə. Təhsildə intellektual və mental əyləncə strategiyası skandinav təhsil sisteminin onurğa sütunudur.
Gözümlə gördüyümün şahidi kimi deməliyəm ki, Stockholm şəhərindəki məktəblərdən birini ziyarət etməyim məni çox təsirləndirmişdi - məktəb uşaqların evi idi!
Qapıdan içəri girdiyimdə məndən ilk olaraq ayaqqabılarımı çıxarmağımı tələb etdilər. Çıxartdım.
Sinifləri gəzəndə gördüm ki, parta arxasında oturan uşaqların əlləri əllərinin üstündə deyildi, uşaqlar sərbəst şəkildə dərsi dinləyirdilər. Özü də çox böyük maraqla. Hətta yerdə uzanıb dərsini yazan şagirdi görüb, bir xeyli təəccüblənmişdim.
Bu yazını daha çox uzatmamaq naminə uşaqların isti havalarda məktəbin həyətində xüsusi olaraq hazırlanmış qumun içində ayaqyalın oynamağının xeyirli tərəflərindən danışmayacağam.
Bizə məktəblərdə və bağçalarda uşaqların pafoslu şəkildə şeir deyərək sentimentallığın son həddini yaşaması yox, uşaqların özünüdərki üzərində iş aparması lazımdır.
Bu yaxınlarda rastlaşdığım riyaziyyat müəllimim demişkən, "Sizə 10-cu sinifdə öyrətdiyimiz kəsirli bölməni yeddiyaşlı uşağa əzbərlədirik. Zülm ərşə qalxıb, a bala".
Həqiqətən də, zülm ərşə qalxıb. Və mən də indi zülmün ərşə qalxdığı yerin yeni ünvanını sizə göstərmək istəyirəm - yeni ünvan və yeni qurban Elgündür.
Məktəblərdəki və bağçalardakı psixoloqlar uşaqların özünüdərki üzərində işləmirlər.
Özünüdərk və ya sosial medianın zərərləri haqqında məktəblərdə uşaqların anlayacağı dildə elmi seminarlar keçirilmir.
Bəs hanı bizim Elmlər Akademiyasının sinəsinə döyən alimləri? Niyə məktəblilərlə telekörpülər təşkil edilmir?
Niyə Elm və Təhsil Nazirliyimiz "Elmin milli və mental strategiyası" barədə dərsliklər hazırlamır?
Biz hazırda məşhur alman psixoloqu Karl Yaspersin "sərhəd vəziyyətləri" adlandırdığı şüur halında ilişib qalmışıq. İndi Hamletin "ölüm, ya qalım" dilemmasını teatr səhnəsində deyil, gündəlik həyatda - avtobuslarda, ticarət mərkəzlərində, məktəblərdə, yediyimiz və içdiyimiz hər şeydə yaşayırıq.
Bəli, nə baş verirsə-versin, biz yaşamalıyıq! Yaşamaq üçün "yanmaq" yox, qanmaq və qandırmaq lazımdır - elmlə, milli dəyərlərlə.