Qarabağdan gedən ermənilərdən nə qədəri Ermənistanı tərk edib? - Ən son rəqəm açıqlandı
Qarabağdan gələn ermənilərin 15%-i Ermənistanı tərk edib.
Publika.az xəbər verir ki, bunu iqtisad elmləri doktoru, professor, Alternativ Araşdırmalar Mərkəzinin rəhbəri Tatul Manaseryan “Sputnik Ermənistan” multimedia mərkəzində keçirdiyi mətbuat konfransında deyib.
Onun sözlərinə görə, Qarabağ ermənilərinin Ermənistandan getməsi əsasən iş tapmaqda yaranan çətinliklərlə bağlıdır. Əmək bazarında vəziyyət əməkçi miqrantların kütləvi axını ilə daha da ağırlaşır. Manaseryanın sözlərinə görə, təkcə Hindistandan Ermənistana 14 minə yaxın əməkçi miqrant gəlib.
Ekspert bildirib ki, Ermənistanın iqtisadi artıma görə Aİİ-yə liderlik etdiyi deyilir, lakin buna baxmayaraq, ölkədə yoxsulluğun səviyyəsi artıq üçüncü ildir ki, artmaqdadır.
“Rəsmi məlumatlara görə, Ermənistanda yoxsulluq səviyyəsi 42%-dir, lakin ekspertlərin hesablamalarına görə, Şirak bölgəsində bu rəqəm 60%-i ötüb”, - Manaseryan qeyd edib.
Ümumiyyətlə, onun sözlərinə görə, 2023-cü ildə Ermənistan iqtisadiyyatının strukturu pisləşib.
Üstəlik, ərzaq, içki və geyim istehsalı da azalıb. Müvafiq olaraq, iqtisadiyyatın bu sahələrindən məhsulların ixracının həcmi də azalıb ki, bu da ixrac sektorunda ciddi problemləri əks etdirir.