Vətən müharibəsi xalqın müharibəsi idi
Ermənistanın Azərbaycana qarşı təcavüzünün qarşısını almaq məqsədilə 2020-ci il sentyabrın 27-də bütün cəbhə boyu əks-hücuma keçən ordumuz düşmən tərəfindən işğal olunmuş ərazilərimizi azad etməyə müvəffəq oldu. Azərbaycan Ordusunun başlatdığı uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edildi. Vətənimizin hər qarışı uğrunda böyük ruh yüksəkliyi ilə “İrəli” əmri gözləyən qəhrəman hərbçilərimizin şücaəti, rəşadəti hesabına, şəhidlərimizin qanı-canı bahasına bütün dünya Azərbaycanın şanlı qələbəsinin şahidi oldu. 44 gün ərzində torpaqlarımızın uzunmüddətli işğalına son qoyuldu”.
Əldə olunan qələbə keşməkeşli, əziyyətli, yorğun, gərgin və məsuliyyətlə dolu yolun nəticəsi oldu: “Uzun illər danışıqlar masasında prinsipiallıq göstərən Azərbaycan, eyni zamanda, bu müddət ərzində güclü ordu yaratdı. Atılan hər bir addım, hər bir təşəbbüs və qəbul olunmuş hər bir qərar Azərbaycan torpaqlarının işğaldan azad olunmasına xidmət edirdi. Azərbaycan tarixi ədaləti və beynəlxalq qanunları özü bərpa etdi. Xalq və ordu birliyinin təcəssümü Zəfər salnaməsini yazdı. Birliyimiz qələbəmizlə taclandı”.
Qələbə tariximiz Ulu Öndərin arzu və vəsiyyətinin gerçəyə çevrildiyi tarix oldu. Bu gün azad olunan əziz torpaqlarımızda dalğalanan üçrəngli bayrağımız, qürur və fəxarət rəmzimizə çevrilib. Ölkə rəhbəri İlham Əliyevin düşünülmüş və məqsədyönlü addımları, döyüş meydanında Azərbaycan Ordusunun qazandığı qələbələr tariximizin ən böyük dönüş dövrünü yaratdı. Savaşla yanaşı diplomatiya sahəsində də əldə olunan uğurlar İkinci Qarabağ müharibəsindəki qələbəni şərtləndirdi. 2020-ci il noyabrın 8-i tariximizə qızıl hərflərlə yazıldı.
“Böyük mübarizə və məşəqqət hesabına başa gələn tarixi ədalətin bərpası hərbi sahədə olduğu kimi, diplomatik müstəvidə də davam etdirildi. İnformasiya savaşında Prezident İlham Əliyev tərəfindən verilmiş müsahibələrin hər biri Azərbaycanın diplomatik uğurudur. Onun istər müharibə zamanı, istərsə də müharibədən sonra dünyanın çoxsaylı KİV-lərinə verdiyi müsahibələr və açıqlamaları beynəlxalq təşkilatlar vasitəsilə ölkəmizə yönələn təzyiqlərin qarşısını peşəkarlıqla aldı.
İkinci Qarabağ müharibəsi ölkəmizdə milli birliyi, milli həmrəyliyi daha da gücləndirdi. “Dəmir yumruq” əməliyyatı Azərbaycanın yeni və parlaq tarixini yazdı. Bu zəfər güclü Azərbaycan dövlətinin hərbi qüdrətini və xalqımızın qələbə əzmini bütün dünyaya nümayiş etdirdi. Tariximizin şanlı səhifələrinin yazılışına şahid olduq. Gözlərimiz önündə hələ uzun əsrlər danışılacaq, barəsində igidlik, qorxmazlıq dastanları yazılacaq cəsur oğullarımızın, Vətən uğrunda gözünü qırpmadan döyüşə atılan dağ ürəkli övladlarımızın mərdlik hekayələri dildən-dilə dolaşacaq. Biz isə canlı şahid kimi gördüklərimizi, duyduqlarımızı, yaşadıqlarımızı gələcək nəsillərə danışacağıq.
Övladlarımız Vətənimizin bütövlüyü uğrunda qəhrəmancasına aparılan mübarizəni bilməli, ruhuna həkk etməlidir. Bizə bu Zəfəri yaşadanlar, sizə əbədiyyən borcluyuq. Zəfərin mübarək, Azərbaycan!
Təranə Məhərrəmova
Şuşa Humanitar Kollecinin tədris hissə müdiri