İndiyədək Bakıda bu günlərdəki kimi güclü yağış müşahidə olunmayıb
Məlum olduğu kimi, oktyabrın 21-də səhər saatlarından başlayaraq Bakıda və Abşeron yarımadasında arabir leysan xarakterli yağış yağıb. Yarımadanın bəzi yerlərində yağıntılar intensiv olub.
Oktyabrın 21-i gündüzdən 22-si səhərədək düşən yağıntının miqdarı Binədə 86 millimetr (aylıq normanın 306 faizi), Maştağada 60 millimetr (aylıq normanın 150 faizi), Pirallahıda 47 millimetr (aylıq normanın 197 faizi), Çilov adasında 37 millimetr (aylıq normanın 159 faizi), Bakıda 32 millimetr (aylıq normanın 114 faizi), Sumqayıtda isə 14 millimetr (aylıq normanın 52 faizini) təşkil edib.
Bu günlərdə müşahidə olunan yağıntının miqdarı aylıq normanın 3,5 misli qədər olub ki, bu da Bakıda və Abşeron yarımadasında indiyədək misli görünməyən intensivlik deməkdir.
Xatırladaq ki, bundan əvvəl intensivliyinə görə ən güclü yağışlar 2019-cu il sentyabrın 3-də qeydə alınıb. Belə ki, həmin gün Sumqayıtda 27 millimetr (aylıq normanın 100 faizi), Bakıda 18 millimetr (aylıq normanın 64 faizi), Maştağada 12 millimetr (aylıq normanın 30 faizi) yağıntı düşüb.
Qeyd edək ki, intensiv yağıntılarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə yaranan problemlərin aradan qaldırılması üçün aidiyyəti qurumlar gücləndirilmiş iş rejimində fasiləsiz fəaliyyət göstərir və birgə tədbirlər həyata keçirir.