Azərbaycan çox qısa müddətdə böyük işlərə imza atıb.
Azərbaycanın 44 günlük Vətən müharibəsində əldə edilən tarixi Qələbədən cəmi 10 ay ötür. Müharibədən çıxmış, üstəlik pandemiya ilə mübarizə aparan bir ölkənin azad edilmiş ərazilərdə bərpa işlərini sürətlə aparması həqiqətən heyrətamizdir. Qarabağ tamamilə yenidən qurulur, sıfırdan ən müasir infrastruktur yaradılır, yeni yollar, hava limanları, elektrik stansiyaları, kəndlər, qəsəbələr tikilir. Sözsüz ki, Qarabağda aparılan tikinti-quruculuq işləri Azərbaycan dövlətinin gücünün və potensialının göstəricisidir.
Bu günlərdə Füzuli Beynəlxalq Hava Limanına ilk sərnişin və yük təyyarələrinin eniş etməsi də hər bir Azərbaycan vətəndaşının qürur duyduğu, fəxr etdiyi növbəti hadisədir. Çünki cəmi bir neçə ay ərzində belə böyük beynəlxalq hava limanı inşa etmək, yüz kilometrlərlə yol çəkmək, ən müasir infrastruktur yaratmaq asan məsələ deyil. Amma Azərbaycan bunu bacarır, bu nəhəng işin öhdəsindən əzmlə gəlir. Bu möhtəşəm uğurun, bənzərsiz nailiyyətin formulu ortadadır. Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin qətiyyəti və unikal liderlik qabiliyyəti, dövlətimizin möhkəm təməllər üzərində dayanması, Azərbaycanın dünyadakı nüfuzu, ölkəmizə olan yüksək inam və etimad, bölgədə xüsusi söz və güc sahibi olması buna imkan verir.
Aparılan sürətli işlər arasında isə hava limanlarının tikintisi ön planda duran məsələlərdəndir. Ən azı ona görə ki, nəqliyyat-logistika imkanlarının yaradılması işğaldan azad edilmiş ərazilərin sürətli bərpası və gələcək inkişafı üçün vacib əhəmiyyət kəsb edir. Əslində Azərbaycan çox qısa müddətdə böyük işlərə imza atıb, cənab Prezidentin 2021-ci ilin yanvarın 14-də təməlini qoyduğu Füzuli Beynəlxalq Hava Limanı qısa müddətdə, hətta vaxtından əvvəl istifadəyə veriləcək. Füzuli hava limanının istifadəyə verilməsinin ölkəmiz üçün həm siyasi, həm də iqtisadi baxımdan böyük əhəmiyyəti var. İlk növbədə bu, Azərbaycan dövlətinin güclü iradəsini, Qarabağda həyata keçirilən bərpa-yenidənqurma işlərinə xüsusi diqqət yetirdiyini göstərir.
Belə ki, Füzuli Beynəlxalq Hava Limanının istismara verilməsi həmin ərazilərin bərpası və yenidən qurulması üçün zəruri olan yüklərin daha sürətli və asan daşınmasına şərait yaradacaq. Hava limanının gələcək faydaları isə olduqca böyükdür. Füzuli Beynəlxalq Hava Limanı ilk növbədə bölgəni nəqliyyat-logistika mərkəzinə çevirəcək. Bu liman gələcəkdə yükdaşımalar, xüsusən də beynəlxalq yükdaşımalar üçün geniş imkanlar açacaq, həm yerli, həm də xarici turistlərin regiona gəlişini asanlaşdıracaq, bölgədə turizmin inkişafına böyük təkan verəcək. Bununla yanaşı, işğaldan azad edilmiş ərazilərin böyük sənaye, kənd təsərrüfatı və digər istehsal potensialını nəzərə alsaq, həmin ərazilərdə inşa olunan beynəlxalq hava limanları istehsal olunan məhsulların dünya bazarına sürətli çıxarılmasına imkan verəcək. Bütün bunlar isə regionun inkişafına böyük təkan verməklə bərabər, investisiya cəlbediciliyini xeyli dərəcədə artıracaq. Azərbaycan öz ərazilərini işğaldan azad etdiyi kimi həmin əraziləri yenidən quraraq dünyanın ən gözəl guşələrindən birinə çevirməyi də qarşısına məqsəd qoyub və bu məqsəd istiqamətində inamla irəliləyir.
Bu gün Azərbaycanın həyata keçirdiyi hər bir layihə dünyada xüsusi maraqla qarşılanır. Çünki son illər dünyada baş verən iqtisadi geriləmələr fonunda Azərbaycan heç bir layihəni təxirə salmır, nəzərdə tutulan bütün planlar icra olunur. Tikinti-quruculuq işləri, infrastruktur layihələri təkcə Qarabağda deyil, paralel olaraq bütün ölkə boyu həyata keçirilir. Azərbaycanı fərqləndirən, dünyada önə çıxaran da bu amillərdir.
Düşmən üzərində möhtəşəm Qələbəmizin simvollarından olan Zəfər Yolu da yaxın günlərdə tam istifadəyə veriləcək. Cəmi 10 aya belə bir nəhəng layihənin uğurla başa çatdırılması da təqdirəlayiq hadisədir. Ümumiyyətlə, azad edilmiş tarixi torpaqlarımızda aparılan bərpa işləri, bu prosesi birbaşa olaraq Azərbaycan Prezidenti İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın ciddi nəzarətdə saxlaması, hər bir layihənin açılışında şəxsən iştirak etmələri Azərbaycan ictimaiyyətində xüsusi rəğbət, fərqli məmnuniyyət, fəxr və qürur hissi yaradır.
Balaşov Qulaməli Qurbanəli oglu
ADPU-nun “iRiyaziyyatın btidai kursunun tədrisi texnologiyası ”
kafedrasının dosenti,r.e.ü.f.d.