Vətən sevgisi
Vətənə olan sevgi Anaya olan sevgi ilə bir tutulur. Ana Vətən anlayışı da bu sevgidən yaranır. İnsan bir ailədə doğulsa da, Vətən torpağında böyüyüb boya-başa çatır, suyu və havası ilə qidalanır. Bunun üçün də onu müdafiə etməyə və qorumağa hər zaman borcludur. Tarixi qəhrəmanlıq ənənələrini qoruyan oğullarımız döyüş meydanında düşməni 44 günə darmadağın edərək tarix yazdı. Ali Baş Komandanın rəhbərliyi altında, xalqın dəstəyindən güc alan mərd oğullarımız qısa müddət ərzində tarixi torpaqlarımızı işğaldan azad etdilər. Bu döyüşlərdə şəhadətə yüksələnlər də oldu. Bu gün müqəddəs amal uğrunda şəhadətə yüksələn oğullarımızın ruhu rahatdır. Onların hər biri Böyük Qələbənin həsrətində idi. Tarixi torpaqlarımız düşməndən təmizlənib, o torpağın əsl sahibləri yurdlarına qayıdacaqlar.
"N" hərbi hissəsində şəxsi heyətlə birlikdə Vətən uğrunda canından keçən şəhidlərimizin şərəfinə ucaldılmış abidəni ziyarət etdik, ruhlarına dualar oxuduq. "Vətən uğrunda qurban verdiyi canı, axıtdığı qanı ilə tarix yazan şəhidlərimizin hər biri gələcək nəsillərimiz üçün Vətən sevgisinin bariz nümunəsidir", - deyə kapitan Vaqif Mustafayev söhbətə başladı. "Müstəqilliyimiz, ərazi bütövlüyümüz uğrunda savaşan, xalqının firavanlığı üçün canını qurban verən şəhidlərimizin xatirəsini hər zaman anmağa borcluyuq. Onlar ömürlərini Vətənin azadlığı, yurdun abadlığı və millətimizin rifahı üçün fəda ediblər. Şəhidlərimizin hər birinin adı tarixə qızıl hərflərlə yazılıb. Gələcək nəsil üçün misilsiz qəhrəmanlıq örnəyidir şəhidlərimiz. Biz də öz növbəmizdə bir komandir olaraq şəxsi heyətimizin əsl döyüşçü kimi formalaşmasından əlavə, onların milli mənlik şüurunun möhkəmlənməsinə cavabdehik. Çünki bugünkü gənclərimiz gələcəyimizin memarlarıdırlar, qurucularıdırlar. Tarixini bilməyən şəxs heç zaman yaxşı vətəndaş, əsl vətəndaş olmayan şəxs isə əsl döyüşçü ola bilməz. Biz gəncləri maarifləndirməliyik, tarixi həqiqətləri onların diqqətinə çatdırmalıyıq, igid oğullarımızı onlara tanıtmalıyıq. Azərbaycan gənci bilməlidir ki, onun xalqının tarixini qorxmaz, cəsur oğullar canı bahasına yazıb. Bu gün üzərində gəzdiyimiz Vətən torpağının o igidlərin qanı ilə suvarıldığını dərk etməlidirlər, o torpağın hər qarışını göz bəbəyi kimi müdafiə etməlidirlər".
"Şəhidlərimizin məzarı hər birimiz üçün müqəddəs ziyarətgahdır!" - deyə əsgər Ələkbər Məmmədov söhbətə başladı. "Vətəni müdafiə etmək, onun uğrunda canını qurban vermək böyük fədakarlıqdır. Qurban verdikləri bir canla onlarla bəlkə də yüzlərlə insanın canını xilas edən oğullarımıza hər zaman borcluyuq. Şəhidlik elə bir mötəbər zirvədir ki, hər kəs o zirvədə olmaq istəsə də, yalnız seçilmiş bəndələrə o məqam qismət olur. Xalqımız Vətən torpaqlarının azadlığı uğrunda canını qurban vermiş hər bir şəhidimizin xatirəsini daim uca tutur. Bu günə qədər Vətən müdafiəçisi qardaşlarımız bu torpağın hər qarışını göz bəbəyi kimi qoruyub, onun uğrunda canını da qurban etməkdən qorxmayıb. İndi isə bizlər - Vətənin müdafiəçiləri, bu adı daşımaqdan qürurluyuq. Döyüşlər vaxtı hər birimiz bu adı layiqincə daşımağın məsuliyyətini dərindən hiss edirdik. Bu adı layiqincə daşımaq üçün gecə-gündüz düşmənə qarşı döyüşlərdə iştirak edirdik. Hər birimiz sələflərimizin yolu ilə mətin addımlarla irəliləyirik.”
Balaşov Qulaməli Qurbanəli oglu
ADPU-nun “iRiyaziyyatın btidai kursunun tədrisi texnologiyası ”
kafedrasının dosenti,r.e.ü.f.d.