Qırğızıstanda prezidentin qohumu olduqlarını iddia edən dələduzlar saxlanılıb
Qırğızıstanın xüsusi xidmət orqanları ölkə prezidenti Sadır Japarovun qohumları və Dövlət Milli Təhlükəsizlik Komitəsinin (QKNB) rəhbəri Kamçıbek Taşiyevin yaxın adamları olduqlarını iddia edən dələduzları saxlayıblar.
Müəyyən edilib ki, həmin şəxslər “Dövlət Gömrük Xidmətinin və Qırğızıstan Maliyyə Nazirliyi yanında Dövlət Vergi Xidmətinin vəzifəli şəxslərini qorxudaraq, xarici iqtisadi fəaliyyətdə iştirak edən ayrı-ayrı subyektlərə, o cümlədən Avrasiya İqtisadi İttifaqı üzvü olan ölkələrin idxalçılarına himayədarlıq ediblər”.
Hazırda məsələ ilə bağlı cinayət işi başlanılıb.
“Dövlət Təhlükəsizlik Komitəsi vətəndaşlardan ayıq-sayıq olmağı, özünü müxtəlif vəzifəli şəxslər kimi təqdim edən, bu və ya digər məsələnin həlli üçün pul tələb edən dələduzların əməllərinə uymamağı xahiş edir. Vicdansız şəxslərin dələduzluq hərəkətləri ilə rastlaşdıqda, hüquq-mühafizə orqanları ilə əlaqə saxlamağı tövsiyə edirik”, - deyə DTK-nın mətbuat xidmətindən bildirilib.
Mənbə: “RİA Novosti”