44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq
2020-ci ilin payızı başqa bir ab-hava ilə başladı. İnsanlarda mübarizə əzmi, döyüş ruhu, qisas hissi baş qaldırdı. Ermənistanın ölkəmizə qarşı başladığı növbəti hərbi təcavüzünə cavab olaraq 27 sentyabrdan etibarən Azərbaycan Respublikası Silahlı Qüvvələri Ali Baş Komandanın rəhbərliyi altında torpaqlarımızın azad edilməsi məqsədilə Vətən müharibəsi başlandı.
44 gün ərzində davam edən haqq savaşımızda böyük bir qəhrəmanlıq salnaməsi yazıldı. Həmin günlərdə bütün xalqımız ayaq üstə idi, kiçikdən böyüyə hər kəs vətən adına səfərbər olmuşdu, hər bir insan öz durduğu yeri sanki özünün səngəri bilirdi, insanlardan barıt qoxusu gəlirdi. Mərdə, qəhrəmana, vətənin dar günündə atlanaraq silaha qurşanıb yağıların üstünə şimşək kimi şığıyan, nərəsi ilə tufan qoparan igidlərə ümumxalq məhəbbəti, el hörməti tükənməz idi. Bütün bu milli birliyimizi yaradan isə mənəvi gücümüz idi. Xalqımız ordumuza mənəvi cəhətdən dayaq oldu. “Ordum varsa, yurdum var” ifadəsi vətən müdafiəçilərini döyüşə ruhlandırdı.
Bəli, xalqın çoxdan gözlədiyi gün gəlmişdi və oğullarını cəbhəyə toy-bayramla yola salırdı. “Vətən bizi çağırır” kəlmələri ilə cəbhəyə könüllü yollanan Vətən oğullarının üzlərində sevinc, gözlərində qisas hissi var idi. Yurdu yaşatmaq üçün şəhidliyi mükafat olaraq qəbul edən Azərbaycan oğulları Vətən borcunu verməyə necə hazır olduqlarını 44 gün ərzində nümayiş etdirdilər. Döyüş meydanı, arxa cəbhə - hər kəs bir hədəfə vururdu. Rəhbər, ordu və xalq birliyi Vətən müharibəsində qələbəni şərtləndirən ən başlıca amil oldu. Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə rəşadət göstərən əsgər və zabitlərimiz, arxa cəbhədə gecə-gündüz çalışan mülki insanlar, bütövlükdə xalqın əzm və iradəsi, bir yumruq kimi birlik və həmrəylik nümayiş etdirməsi düşmənə sarsıdıcı zərbələr endirdi.
Redaksiya olaraq nəzərinizə çatdırmaq istəyirik ki, Yeni Suraxanı bələdiyyə sədri Rəhimov Fuad müəllimin oğlu Rəhimov Məmməd Fuad oğlu da 2020-ci ildə Suqovuşanda döyüşüb.
Azərbaycan torpaqları Məmməd və onun kimi qəhrəman, qorxmaz, igidlər sayəsində qarış-qarış, kənd-kənd işğaldan azad edildi. Uzun illərdən sonra doğma torpaqlarımızda yenidən üçrəngli şanlı bayrağımız ucaldıldı. Vətən müharibəsi Ali Baş Komandanın, Azərbaycan Ordusunun, xalqımızın zəfəri ilə başa çatdı. Bu qələbəni Ali Baş Komandanın qətiyyəti, siyasi iradəsi, ordumuzun şücaəti hesabına qazandıq... Ona görə 44 günlük qəhrəmanlıq savaşımız tarix boyu şanlı qürur mənbəyimiz olaraq qalacaq.