Təhsil eksperti: “Hər gün məktəblərdə 1,6 milyon şagird yoxlanılır"
Hazırda ölkə üzrə 9 məktəb, 299 sinif distant təhsilə keçib. Bu çox da böyük rəqəm deyil. Nəzərə alsaq ki, ölkədə 4 432 orta ümumtəhsil məktəbi var və onların yalnız 9-u, 79 min sinifdən isə cəmi 299-u yoluxma hallarına görə distant təhsilə keçib.
Oxu.Az xəbər verir ki, bunu təhsil eksperti Kamran Əsədov AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
O bildirib ki, yoluxma sayı artır və bu gözləniləndir:
“Yeni ştamm əvvəlkilərlə müqayisədə 4 dəfə daha sürətli yayılır. Məsələnin bir tərəfi isə insanların ticarət mərkəzlərində, restoranlarda sıx toplaşmasıdır. Axşam saatlarında bir ictimai iaşə obyektində boş yer tapmaq mümkün deyil. Biz müşahidə edirik və bunun şahidi oluruq. Valideynlər uşaqları ilə birlikdə restoranda otururlar, yemək sifariş edirlər və yeməkləri gəldikdən sonra sosial şəbəkələrdə yazırlar ki, “gəlin məktəbləri bağlayaq”. Məktəblərin bağlanması müzakirə mövzusu deyil və bağlanmamalıdır.
Bu gün 4432 ümumtəhsil müəssisəsində 1,6 milyon şagird var. Hər səhər bu qədər şagird məktəbə gedən zaman onların hərarətləri ölçülür. Onların hər hansı birində şübhəli durum sezilərsə, dərhal təcrid edilirlər. Məktəblər bağlansa bu qədər uşaq heç bir yerdə hər gün yoxlanılmayacaq. Etiraf edək ki, nə dövlət qurumlarında, nə də ictimai iaşə obyektlərində heç kim yoxlanılmır. Bu nöqteyi nəzərdən baxsaq məktəblər bağlansa yoluxma üzrə rəqəmlər indikindən daha təhlükəli ola bilər”.
K.Əsədov deyir ki, təhsil öz ətrafında 2 milyon 200 min nəfəri birləşdirir:
“Bizim 150 min müəllimimiz var. Bütün bu geniş kollektiv hər gün yoxlanılır, bu qaçılmazdır”.