“Omikron”a qalib gəlməyin yolu AÇIQLANDI
“Əvvəllər təbii çiçək xəstəliyi, polimelit, difteriya kimi xəstəliklər minlərlə uşağın həyatına son qoyurdu. Nə vaxt ki, insanlar, həkimlər həmin mikrobları idarəetməyə başladılar, bu xəstəliklərə son qoyuldu. “Omikron”la da vəziyyət belə olacaq”.
Oxu.Az xəbər verir ki, bunu tibb üzrə fəlsəfə doktoru Sveta Rəfiyeva AzTV-nin efirində yayımlanan “Çıxışa Doğru” verilişində qonaq olarkən deyib.
O bildirib ki, koronavirusu, “Delta”nı, “Omikron”u idarə etməyə başlayanda bu xəstəliyə qalib gələcəyik:
“İdarə etməyin yolu isə vaksinasiyadır. Bu gün bütün dünya mutasiyadan danışır. Elə həmin “Omikron” da mutasiya olunmuş koronavirusdur. Virus o zaman mutasiya olunur ki, özünə sərbəst mühit tapır. Virusun sərbəst mühiti isə anticisimi olmayan, vaksinasiya edilməyən insanlardır. Bunun iki variantı var, ya yoluxub sağalmalısan, ya da vaksin olunmalısan ki, virusun mutasiyasına zəmin yaranmasın”.
“Bəzən yaşlı insanlar deyir ki, “canın yiyəsi mənəm, mən vaksinasiya olunmuram”. Bu, yanlış fikirdir. Çünki vaksinasiya edilməmiş insan yalnız özünü deyil, digər şəxsləri də riskə atmış olur”, - deyə S.Rəfiyeva qeyd edib.