Mingəçevir gəncləri üçün təşkil olunan faydalı təlimlər yekunlaşdı - FOTO
Azərbaycan Respublikasının Gənclər Fondunun dəstəyi, NAYORA-nın “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı çərçivəsində “Gələcəyə Körpü” Gənclər İctimai Birliyi tərəfindən “Gələcəyin üçün seç!” layihəsi əsasında Mingəçevir gəncləri üçün təşkil olunan təlimlər yekunlaşıb.
Layihənin keçirilməsində əsas məqsəd Mingəçevir şəhərində və ətraf ərazilərdə yaşayan, ali və orta ixtisas təhsil müəssisələrində təhsil almağa hazırlaşan abituriyentlərin ixtisas, digər şəxslərin isə düzgün peşə seçimində diqqət edilməsi vacib məqamlarla tanış edilməsi, bu mesajın gələcək nəsillərə rəqəmsal vasitələrlə ötürülməsinin təmin edilməsindən ibarət olub.
2-5 aprel tarixlərini əhatə edən layihə müddətində ümumilikdə 20 nəfərin iştirakı ilə görüş, seminar və təlimlər təşkil edilib.
Qeyd edək ki, “Gənclər Təşkilatlarının Fəaliyyətlərinin Dəstəklənməsi” proqramı gənclər təşkilatları tərəfindən həyata keçirilən layihələrə müvafiq resurs dəstəyinin göstərilməsi və gənclər təşkilatlarının fəaliyyətlərinin səmərəliliyinin və məhsuldarlığının artırılmasını nəzərdə tutur. Proqram çərçivəsində 12 təşkilat tərəfindən həyata keçirilən 12 layihəyə resurs dəstəyi göstərilir.